Avronun ucuzlaşması Azərbaycana nə kimi təsir göstərə bilər?-ARAŞDIRMA

Avronun ucuzlaşması Azərbaycana nə kimi təsir göstərə bilər?-ARAŞDIRMA

Dünya bazarında avronun ucuzlaşması davam edir. SİA-nın məlumatına görə, hazırda avronun məzənnəsi 99 qəpiyə düşüb. Ekspertlərin proqnozlarına əsasən, avronun kursu bir qədər də aşağı düşəcək. Qeyd edək ki, 2011-ci ildə avro təxminən 4 faiz, 2012-ci ilin ilk ayında isə daha 2 faiz ucuzlaşıb. Mərkəzi Bankın rəsmi məzənnəsinə görə isə ilin əvvəlindən Azərbaycanda rublun məzənnəsi 11 faiz, avronun məzənnəsi 6 faiz aşağı düşüb. Dollar isə əksinə 0,4 faiz bahalaşıb.



Ekspertlər bunu Avropa iqtisadiyyatının tənəzzülü kimi qiymətləndirir. Avropa ölkələrinin iqtisadiyyatında yaşanan ciddi problemlər, külli miqdarda dövlət borcunun yaranması, bu ölkələrin bank sisteminə və iqtisadi artımına ciddi təsir göstərib. Bu isə avronun kursunun sürətlə enməsinə şərait yaradır. Bütün bu baş verənlərin fonunda ehtimal olunur ki, Yunanıstanda baş verən böhran digər ölkələrdə də öz təsirini göstərəcək. Artıq İspaniya, İtaliya və Portuqaliya iqtisadiyyatında geriləmələr müşahidə olunur.



Bəs görəsən avronun ucuzlaşmasının Azərbaycana hansı təsiri ola bilər?



Öncə onu deyək ki, avronun ucuzlaşmasının hələ bir müddət davam edəcəyini proqnozlaşdıran ekspertlər əhaliyə əmanətlərini milli valyutada saxlamağı məsləhət görürlər.



Ekspertlərin fikrincə, avronun milli valyutamıza nisbətən dəyərdən düşməsi ilk növbədə xarici ticarət dövriyyəsinə təsir edəcək. Belə ki, Avronun ucuzlaşması Avropa dövlətlərinə satılan məhsulların azalmasına gətirib-çıxarmaqla yanaşı, həm də ixrac əməliyyatlarında əldə olunan real gəlirin həcmini azalda bilər. Neft gəlirlərinin bir hissəsinin məhz avroda saxlanılması da ziyanın olacağından xəbər verir. Bu amilin Avropa İttifaqı ilə artan ticarət dövriyyəsinə də mənfi təsiri proqnozlaşdırılır.

Avronun ucuzlaşmasının ilk qığılcımları artıq özünü büruzə verməkdədir. Belə ki, ölkədə avroya tələbatın aşağı düşdüyü müşahidə olunur. Valyutadəyişmə məntəqələrində hazırda avro alanlardan çox bu valyutanı satmaq istəyənlərin olduğu bildirilir. Ancaq avronun qiymətdən düşməsinə baxmayaraq, ölkəmizə Avropadan idxal olunan məhsulların qiymətində artım müşahidə edilir. Ekspertlər isə bu bahalaşma süni xarakter daşıdığını deyir.




Avtomobil və kosmetika bahalaşa bilər



Ekspert Samir Əliyevin də avronun məzənnəsi ilə bağlı proqnozları optimist deyil. O hesab edir ki, bu proses hələ bir müddət davam edəcək və avro dolların kursu ilə bərabər səviyyəyə düşəcək. Bu halda investorlar avrodan imtina etməyə başlayacaq. Bu da dünya bazarında dolların bahalaşmasına gətirib çıxaracaq. Artıq ölkəmizdə də rubl və avro ucuzlaşır, dollar isə bahalaşır.

Prosesin Azərbaycan iqtisadiyyatına təsirinə gəlincə qeyd edim ki, ölkəyə gətirilən mallar əsasən dollarla alınır. Ona görə avronun qiymətinin dəyişməsi malların qiymətinə ciddi təsir etməyəcək. Bahalaşma yalnız maşın sənayesində və kosmetika, parfümeriyada özünü göstərə bilər. Ancaq ərzaq məhsullarına ciddi bir dəyişiklik gözlənilmir".


S. Əliyev Avronun ucuzlaşmasının banklardan da yan keçməyəcəyini dedi: "Belə ki, Azərbaycan bankları arasında xarici kapitallı və Avropa banklarının kapitallarından təşkil olunanlar ucuzlaşmadan zərər çəkəcək. Bununla belə, Azərbaycanın valyuta ehtiyatları – istər Dövlət Neft Fondundan olsun, istərsə də Mərkəzi Bankın valyuta ehtiyatlarının 40-45 faizi avro ilə saxlanılır. Bu onu göstərir ki, Avronun ucuzlaşması Dövlət Neft Fondundan gələn gəlirlərin 40 faizinin dəyərsizləşməsinə gətirib çıxara bilər. Əsas təsir özünü valyuta ehtiyatlarında da göstərəcək".



Milli valyutanın kursu sabit qalacaq



İqtisadçı-ekspert Əli Əlirzayev isə bildirir ki, mövcud situasiya ilin sonunadək davam edəcək: "Bu proses qlobal maliyyə böhranının təsirlərindən qaynaqlanır. Avronun ucuzlaşmasının Azərbaycan bazarına təsirlərinə gəlincə isə bu istiqamətdə ciddi problemin müşahidə olunmayacaq. Bizdə maliyyə əməliyyatları və ölkənin valyuta ehtiyatları dollarla həyata keçirilir. Vətəndaşlar da öz vəsaitlərini dollarla saxlamağa maraq göstərir. Bu baxımdan avronun ucuzlaşması ölkə bazarına ciddi təsir göstərməyəcək. Xarici ölkələrlə, xüsusilə Avropa dövlətləri ilə aparılan ticarət əməliyyatlarında müəyyən vəsait itkisi mümkündür. Ancaq burada söhbət böyük itkilərdən getmir. Çünki Azərbaycan çox az sayda ölkəyə nefti avro ilə satır. Milli valyuta isə sabit qalacaq. Manatın dəyərinin sabit saxlanılması üçün kifayət qədər maliyyə resursu mövcuddur.


Bəzi ekspertlər isə hesab edir ki, avronun ucuzlaşması dolların bahalaşmasına səbəb olacaq. Dollara tələbatın artması isə bu valyutanın qıtlığına gətirib-çıxara bilər.


Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri


Bütün xəbərlər Facebook səhifəmizdə