Kiyev və Moskva “mavi yanacaq” məsələsinə yenidən baxmaq qərarına gəliblər

Kiyev və Moskva “mavi yanacaq” məsələsinə yenidən baxmaq qərarına gəliblər

Məlum olduğu kimi Ukrayna ilə Rusiya arasında bağlanan qalmaqallı qaz müqaviləsi Avropa məhkəməsinə qədər gedib. SİA-nın Ukrayna bürosunun verdiyi məlumata görə, Ukrayna dövləti məsələni danışıqlar yolu ilə həll etmək qərarına gəlib. Belə ki, bu günlərdə Ukrayna Enerji Nazirliyinin yaydığı məlumata görə, daha belə bir addımın atılmasına gərək yoxdur.

Ukraynanın enerji naziri Yuriy Boyko buna ehtiyac olmadığını deyib: "Biz 2009-il yanvarında bağlanan müqaviləni Avropa məhkəmələrində müzakirə etmək fikrimiz yoxdur. Çalışırıq ki, bütün qaranlıq məsələləri danışıqlar yolu ilə həll edək".

Cənab Boyko bunu Rusiya ilə strateji münasibətlərin xarakteristikasından irəli gəldiyini izah edib. Hazırda Ukrayna ilə Rusiya qazla bağlı bir çox təklifləri müzakirə edir. Hər iki dövlətin maraqlarını qane edəcək təklifin qəbul olunması daha çox Ukraynanı tələsməyə vadar edir. Ukrayna tərəfi çalışır ki, bu ilin sonuna kimi hər hansı bir qərar qəbul olunsun, çünki qazın qiyməti yenə də bahalaşmaqdadır.

Baş nazirin mətbuat xidməti Vitaliy Lukyanenkonun sözlərinə görə tərəflər son razılaşma əldə etmək ərəfəsindədir: "Məsələnin təfərrüatlarını tam açıqlamamaqda məqsəd odur ki, razılaşmaya əngəl gətirilməsin. "Haftoqaz" və "Qazprom" bir çox ssenari üzərində müzakirələr aparıblar, lakin bir variantın üzərində dayanıblar".

Daha bir variant isə qazın qiymətinin aşağı salınması və tranzitlə qiymətlərin tənzimlənməsidir. Birgə gömrük ittifaqı məsələlərini təkzib edən dövlət rəsmisi bunun daha yuxarı instansiyalarda siyasi qərarla həll olunacağını və yaxın günlərdə ictimaiyyətə açıqlanacağını deyib.


Əlmaniz Ələkbərli, Şərqi Avropa ölkələri və Ukrayna bürosu


Bütün xəbərlər Facebook səhifəmizdə