“Azərenerji”də 8 aylıq yekununa görə ümumi ödəniş 86 faizə yaxın olub
"Azərenerji" ASC-nin Enerji Təchizat idarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, müəssisə üzrə cari ilin avqust ayında 564,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 4 faizə yaxın çoxdur. Ümumi ödəniş isə ötən ayların debitor borcu da nəzərə alınmaqla 100 faizdən artıq olub. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ödənişdə mütləq artım 20 faizdən artıq olub. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə isə istehlak 183,5 milyon kilovatsaata yaxın təşkil edib. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,5 faiz mütləq artaraq 97 faiz olub.
SİA-nın mətbuat xidmətindən aldığı digər bir məlumata görə, cari ilin avqust ayında ümumi ödəniş üzrə 28 elektrik şəbəkəsi (EŞ) ötən ayların debitor borcu da nəzərə alınmaqla 100 faizdən, 10 EŞ isə 95 faizdən yuxarı nəticə göstəriblər. Ümumiyyətlə, hesabat ayında ümumi ödənişdə ən yüksək göstərici "Füzuli" EŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 118,1%), ən aşağı isə "Masallı" EŞ-də (84,6%) qeydə alınıb. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə ödənişdə 19 EŞ-də ötən ayların debitor borcu da nəzərə alınmaqla 100 faizdən, 15 EŞ-də isə 95 faiz və ondan yuxarı nəticə əldə edilib. Bu istehlakçı qrupu üzrə sözügedən ayda ən yüksək göstərici "Daşkəsən" EŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 120,7%), ən aşağı göstərici isə "Masallı" EŞ-də (82%) qeydə alınıb.
Qeyd edək ki, cari ilin 8 ayı ərzində müəssisə üzrə ümumilikdə 4 milyard 497 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib. Ümumi ödəniş isə 85,5 faiz olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 245,2 milyon kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım 4 faizdən çox olub. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 1 milyard 524,2 milyon kilovatsaatdan artıq olmuşdur ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 42,8 milyon kilovatsaatdan çox azdır. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 8,2 faiz artaraq 87 faizdən çox olub.
Yeri gəlmişkən, cari ilin 8 aylıq yekununda ümumi ödənişə görə, 2 EŞ ötən ayların debitor borcu da nəzərə alınmaqla 100 faizdən, 5 EŞ isə 95 faizdən yuxarı nəticə göstəriblər. Ümumiyyətlə, hesabat dövründə ümumi ödənişdə ən yüksək göstərici "Mingəçevir" EŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 103,4%), ən aşağı isə "Sabirabad" EŞ-də (64,8%) qeydə alınıb. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə ödənişdə 4 EŞ-də ötən ayların debitor borcu da nəzərə alınmaqla 100 faizdən, 15 EŞ-də isə 95 faizdən yuxarı nəticə əldə edilib. Bu istehlakçı qrupu üzrə sözügedən dövrdə ən yüksək göstərici "Şirvan" EŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 107,1%), ən aşağı göstərici isə "Sabirabad" EŞ-də (53,4%) qeydə alınıb.
Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 8 aylıq yekununa görə, Regional Elektrik Şəbəkəsi (REŞ) müəssisələri üzrə ümumi ödənişdə ən yüksək göstərici "Şirvan" REŞ-də 90,8 faiz, ən aşağı göstərici isə "İmişli" REŞ-də 75,8 faiz olub. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə ən yüksək göstərici "Gəncə" REŞ-də (97%), ən aşağı göstərici isə "İmişli" REŞ-də (72%) qeydə alınıb.
Sonda onu da qeyd edək ki, sözügedən müəssisələr üzrə cari ilin avqust ayında ümumi ödənişdə ən yüksək göstərici "İmişli" REŞ-də (ötən ayların debitor borcu da nəzərə alınmaqla 106,5%), ən aşağı göstərici isə "Xaçmaz" REŞ-də (92,2%) olub. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə ən yüksək göstərici "Gəncə" REŞ-də (ötən ayların debitor borcu da nəzərə alınmaqla 107,4%), ən aşağı göstərici isə "Sumqayıt" REŞ-də (93,8%) qeydə alınıb.
Xatırladaq ki, "Azərenerji" ASC-nin əsas funksiyası Azərbaycan Respublikasında elektrik enerjisinin istehsalının və ötürülməsinin idarəedilməsini həyata keçirməkdir. Bununla yanaşı, Səhmdar Cəmiyyət hazırda Bakı şəhəri, onun rayonları və Naxçıvan Muxtar Respublikası istisna olmaqla, ölkənin digər ərazilərində elektrik enerjisinin paylanmasını da həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB