Həştərxan qubernatoru: “Azərbaycanla Həştərxan vilayəti arasında ticarət dövriyyəsinin 30 mln. dollara çatdırılması planlaşdırılır” - AÇIQLAMA

Həştərxan qubernatoru: “Azərbaycanla Həştərxan vilayəti arasında ticarət dövriyyəsinin 30 mln. dollara çatdırılması planlaşdırılır” - AÇIQLAMA

"Azərbaycan həm Rusiya üçün, həm də region səviyyəsində vacib strateji tərəfdaşdır". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin bildirib.

O vurğulıb ki, Azərbaycanla Həştərxan vilayəti arasında bir sıra sahələrdə əməkdaşlıq əlaqələri mövcuddur: "Tərəflər neft hasilatı sahəsində sıx iş aparır, bundan başqa meyvə-tərəvəz sahəsində də əməkdaşlıq əlaqələri qurulub".

A.Jilkin qeyd edib ki, Azərbaycana Həştərxan vilayətindən biznesin inkişafı və genişləndirilməsi üçün meydança kimi istifadə edilməsi təklif olunub: "Ötən il ərzində Azərbaycanla Həştərxan vilayəti arasında ticarət dövriyyəsi 12 mln. dollar təşkil edib. Bu il üçün həmin göstəricinin 30 mln. dollara çatdırılması planlaşdırılır. Azərbaycandan müxtəlif avadanlıq, meyvə-tərəvəz məhsulları, duz və digər mallar idxal olunur".

Həmçinin o bəyan edib ki, rəsmi Bakıya iki şəhər arasında bərə əlaqələrinin bərpası istiqamətində danışıqların intensivləşdirməsi təklif olunub: "Hazırda bu sahədə danışıqlar gedir və hər iki tərəf bunda maraqlıdır. Bundan başqa, Azərbaycana lokomotiv parkının təmiri işlərinin Həştərxanın müvafiq zavodunda aparılması təklif olunub".

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan və Rusiyanın Həştərxan vilayətinin hökumətləri arasında iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığa dair saziş imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə