ARDNŞ-in “Azneft” İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsində növbəti təlim-məşq keçirilib
"Azneft" Istehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsində sex və sahələrdə ehtimal edilən fövqəladə hadisələrin qarşısının alınması üzrə profilaktik tədbirlərin həyata keçirilməsi məqsədi ilə təlim və məşqlərin keçirilməsi daim diqqət mərkəzindədir. Avqustun 26-da İdarənin Qaradağ qaz kompressor sexində növbəti təlim-məşq keçirilib.
SİA-nın xəbərinə görə, təlimdə sex əməkçiləri ilə birlikdə ARDNŞ-nin Təhlükəsizlik İdarəsinin 2 saylı komanda heyyəti və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələri iştirak ediblər. Təlimdən əvvəl Qaz Anbarlarının İstismarı İdarəsi Fövqəladə Hallar üzrə komissiyasının sədri – İdarənin baş mühəndisi Zaur Bağırov Qaz kompressor sexinin işcilərinə tədbirin məqsədi, mahiyyəti və proseduru barədə ətraflı məlumat verib. Yanğın, partlayış və terror təxribatına dair keçirilmiş təlim-məşq prosesində partlayış zamanı xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi və onların təcili tibbi yardım maşınında tibb məntəqəsinə çatdırılması nümayiş etdirilib. Tədbirə cəlb olunmuş sex işciləri və yanğından mühafizə qüvvələri yanğının qarğısının alınmasını nümayiş etdirib. Qəza-xilasetmə və ilkin tibbi yardım heyətlərinin fəaliyyəti də yoxlanıb. Daha sonra şərti yanğın baş vermiş sahədə ARDNŞ-nin Təhlükəsizlik İdarəsinin 2 saylı komandasının üzvləri Qaz-kompressor sexinin kəşfiyyat qrupu ilə birlikdə terror təxribatını törədən şəxsin zərərsizləşdirilməsinə dair təlim-məşq keçirmişlər.
Tədbirdən sonra aparılan təlim-məşqin nəticələri geniş müzakirə edilib. "Azneft" İB-nin Baş direktorun Əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov söylənilən fikirləri ümumiləşdirərək, keçirilmiş təlim-məşq zamanı qarşıya qoyulmuş məqsədlərə ümumilikdə əməl olunduğunu bildirib, diqqəti gələcək təlimlərdə nəzərə alınması vacib olan məsələlərə yönəldib. Qeyd edək ki, "Azneft" Istehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsində mütəmadi keçirilən təlim-məşqlər baş verə biləcək irimiqyaslı təbii fəlakətlərin, yanğın, partlayış, istehsalat qəzalarının və digər fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə işlərinin, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsində idarəetmənin və əməkçilərin mühafizəsinin səmərəli təşkil edilməsi məqsədi daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB