Dünya Bankı Azərbaycan Gömrük Xidməti ilə əməkdaşlığa böyük önəm verir
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Dünya Bankının yüksək səviyyəli eksperti, professor Simon Komanderin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın xəbərinə görə, qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Dünya Bankı ilə Azərbaycan Gömrük Xidməti arasında mövcud əlaqələrdən məmnunluqla söhbət açmış, əməkdaşlığın gələcək perspektivlərindən bəhs edib.
Komitə sədri Azərbaycan Gömrük Xidmətinin keçdiyi inkişaf yoluna qısaca nəzər salıb, sovetlər dönəmindən demək olar ki, heç bir mirasa sahib olmayan gömrük sisteminin respublikamız müstəqillik qazandıqdan sonra, xüsusilə 1995-ci ildən bu günə qədər beynəlxalq standartlara cavab verən təkmil bir struktura çevrildiyini diqqətə çatdırıb. Xalqımızın ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində gömrük sistemində sürətli inkişaf strategiyasına start verildiyini vurğulayan A.Əliyev istər qanunvericilik bazasının möhkəmləndirilməsində, büdcə gəlirlərinin formalaşmasında, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan danışmış, xüsusilə maddi-texniki bazanın möhkəmləndirilməsi, informasiya texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsindən sonra bu istiqamətdə işlərin daha da intensivləşdirildiyini söyləyən DGK sədri ölkəmizin əsas giriş qapılarında kompleks tikinti-quruculuq işlərinin aparıldığını, bütün gömrük keçid məntəqələrinin dünya standartlarına uyğun yenidən qurularaq istifadəyə verildiyini, mal və nəqliyyat vasitələrinin artıq avtomatlaşdırılmış qaydada gömrük nəzarətindən keçdiyini, bunun da ticarətin asanlaşdırılması və təhlükəsizliyi işinə müsbət təsirini konkret faktlarla nəzərə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq ölkəmizin gömrük sistemində iki ilə yaxındır ki, "bir pəncərə" prinsipinin tətbiq edildiyini, bununla da rəsmiləşdirilmə sahəsində vaxt itkisinin minimuma endirildiyini bildirən A.Əliyev artıq gömrük ödənişlərinin plastik kartlarla həyata keçirildiyini, bir sıra gömrük idarələrində informasiya köşklərinin yaradıldığını, bu istiqamətdə işlərin davam etdirildiyini diqqətə çatdırıb.
Avropa Komissiyası və BMT İnkişaf Proqramının dəstəyi ilə hazırlanan Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsi layihəsinin artıq ölkə parlamentində ücüncü oxunuşda qəbul edildiyini xatırladan Komitə sədri qanunvericilik bazasının daha da möhkəmləndirilməsinə yönəlik digər tədbirlərdən də söhbət açıb.
Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində xeyli işlərin görüldüyünü vurğulayan Komitə sədri Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının birgə hazırladığı, dünya ölkələri üzrə biznes mühitinin qiymətləndirilməsini aparan \"Doing business\" hesabatına münasibətini açıqlayıb, gömrük sisteminə aid bəzi məqamlarla razılaşmadığını söyləmiş, mövcud anlaşılmazlıqların qarşılıqlı müzakirələr müstəvisində aradan qaldırılacağına ümidvar olduğunu bildirmiş və əsl gerçəkləri konkret faktlarla qonaqların diqqətinə çatdırb.
Səmimi qəbula və ətraflı məlumata görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkür edən Dünya Bankının yüksək səviyyəli eksperti, professor Simon Komander respublikamızın hərtərəfli inkişafının onda xoş təəssüratlar yaratdığını bidirib. Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığını yüksək qiymətləndirən qonaq xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı əlaqələrin daha da intensivləşməsinin vacibliyini qeyd edib. S.Komander Dünya Bankının Azərbaycan hökuməti ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayaraq, respublikamızın sürətli inkişaf tendensiyasından razılığını ifadə etmiş, gömrük sisteminin daha da təkmilləşdirilməsi istiqamətində gələcəkdə həyata keçiriləcək tədbirlərdə təmsil etdiyi qurumla birgə əməkdaşlığın mümkünlüyü barədə fikirlərini açıqlayıb.
Dünya Bankı ilə Azərbaycan Gömrük Xidməti arasında əlaqələrdən razılıqla söhbət açan ekspert təmsil etdiyi qurumun respublikamızın gömrük sisteminə faydalı ola biləcək istənilən sahədə əməkdaşlığa hazır olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB