“Ramana” yarımstansiyasında aşkar edilən nöqsanlar aradan qaldırılıb

“Ramana” yarımstansiyasında aşkar edilən nöqsanlar aradan qaldırılıb

"Abşeron Regional Elektrik Şəbəkəsi"nin (REŞ) balans mənsubiyyətinə aid olan yarımstansiyalarda da yenidənqurma işləri davam etdirilir.

"Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, şəbəkənin balans mənsubiyyətinə aid olan bir sıra yarımstansiyalarda texniki göstəricilərin daha da yüksəldilməsi istiqamətində konkret addımlar atılıb. Belə ki, 110 kV-lik "Qala" yarımstansiyasında 1 saylı transformatorun dəyişdirilməsi ilə əlaqədar olaraq mühafizə dövrələrində hazırlıq işləri aparılıb. 2 saylı transformatorun isə soyutma sistemindəki nasazlıq aradan qaldırılaraq normal iş rejiminə gətirilib. Enerji obyektindən daxil olan digər məlumatda bildirilir ki, yarımstansiyada yeni işə qoşulacaq 1 saylı transformatorun yeni mühafizə paneli ilə əlaqədar hazırlıq işləri görülür. Müvafiq işlər həyata keçirildikdən sonra onun "SKADA" telemexanika qurğularında mövcud qurğuları yoxlanılıb. Xüsusi sərfiyyat transformatorlarında isə təmir işləri görülüb. Eyni gərginlikli "Binə" yarımstansiyasında isə 16 MVA-lıq 1 və 2 saylı transformatorların 110 kV-lik eleqaz açarlarında təmir işləri aparılıb. Bu yarımstansiyada eyni zamanda, 10 MVA-lıq transformatorun və ona aid olan 110kV, 35 kV, 6 kV və neytral boşaldıcıların sınaq işləri yerinə yetirilib.

110 kV-lik "Ramana" yarımstansiyasında da analoji işlər aparılıb. Belə ki, burada fəaliyyətdə olan 1 və 2 saylı transformatorların mühafizə sistemləri yoxlanmış, aşkar edilən nöqsanlar aradan qaldırılıb. Bununla yanaşı, müxtəlif güclü transformatorlarda və yağ açarlarında cari təmir işləri yerinə yetirilib.

Onu da qeyd edək ki, müvafiq yenidənqurma işləri 110 kilovoltluq "Suraxanı", "Zığ" və "Dübəndi" yarımstansiyalarında da həyata keçirilib. Məsələn, Suraxanı yarımstansiyasında 2 saylı 40 MVA-lıq transformatorun mühafizəsinin yoxlanması, dövrələrdə yaranmış nasazlıqların aradan qaldırılması, idarəetmə dövrələrinin yoxlanılması bu qəbildən olan tədbirlərdir.

"Suraxanı" yarımstansiyasında müvafiq tədbirlərin uğurla yerinə yetirilməsini bildirən mənbə qeyd edir ki, payız-qış mövsümünə hazırlıq çərçivəsində yarımstansiyanın dövrələrinə baxış keçirilmiş və 110 kV-lik 1 "Suraxanı" hava xəttinin siqnalizasiya dövrələrində meydana gəlmiş çatışmazlıqlar vaxtında aradan qaldırılıb.

Eyni zamanda, yarımstansiyanın inzibati binasında da təmir işləri aparılır.

Şəbəkənin balans mənsubiyyətinə daxil olan 110 kV-lik "Zığ" yarımstansiyasında da analoji işlər aparılmış, burada da siqnalizasiya dövrələri yoxlanılmış, "SKADA" telemexanika qurğularında yoxlama işləri yerinə yetirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə