900 min nəfərə yaxın əmək pensiyaçısının pensiyası orta hesabla 40 faiz artırılıb

900 min nəfərə yaxın əmək pensiyaçısının pensiyası orta hesabla 40 faiz artırılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulmasına, ilk növbədə keçmiş sovet dönəmindən qalmış pensiya sisteminin bazar iqtisadiyyatı ilə uyğunsuzluğunun yaratdığı çoxsaylı problemlərin aradan qaldırılmasına imkan verir. SİA-nın xəbərinə görə, sosial müdafiənin Azərbaycan modelinin əsas cəhəti ondan ibarətdir ki, bu proses, digər keçid dövrü ölkələrində olduğu kimi, "şok" effekti ilə deyil, əvvəlki sistemlə əhatə olunmuş insanların davamlı sosial müdafiə tədbirləri vasitəsilə yeni şəraitə mərhələlərlə tam inteqrasiyası yolu ilə reallaşdırılmışdır. Ölkəmizdə 2006-cı ildən tətbiq olunan sığorta-pensiya modeli müasir dünyada sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirir və bu sahədəki islahatlar nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən sox yüksək qiymətləndirilir.

Yeni sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə dəyişdirilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli bölgüsünə imkan verir. Bu mexanizm çərçivəsində ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanıb. Ötən 5 ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 5 sərəncam verilib. Nəticədə, yeni sistem fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artıb.

Hazırda uğurla icra olunan əvvəlki sistemlə təyin olunmuş pensiyaların yenidən hesablanması nəticəsində 900 min nəfərə yaxın əmək pensiyaçısının pensiyası orta hesabla 40 faiz artırılıb. Bununla da bütün pensiyaçılar yoxsulluq səviyyəsindən yuxarı olan pensiya almağa başlamışlar. Eyni zamanda 25 il elmi-pedaqoji fəaliyyət göstərərək işləməyən elmlər doktorunun pensiyasına 200 manat, elmlər namizədinin pensiyasına isə 120 manat əlavə edilmişdir ki, bununla da həmin şəxslərin pensiyasının məbləği işləyərkən aldıqları əmək haqqına çatdırılıb. Ümumilikdə bu tədbirlərin maliyyələşdirilməsinə qarşıdakı 6 ay ərzində 200 milyon manat vəsait sərf olunacaqdır.

Pensiya sistemində köklü islahatlar aparmış əksər inkişaf etmiş ölkələrdə belə əvvəlki sistemin iştirakçılarının yeni şəraitə inteqrasiyasının hələ də problem olaraq qaldığı bir şəraitdə, ölkəmizdə bu prosesin tam gerçəkləşdirilməsi qeyd olunan sahədə əsl nümunədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня