İlham Əmirov: \"Təyyarənin Taliban tərəfindən vurulması ehtimalı digər ehtimallarla bərabər səviyyədədir\"

İlham Əmirov: \"Təyyarənin Taliban tərəfindən vurulması ehtimalı digər ehtimallarla bərabər səviyyədədir\"

\"Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin qara qutusu hadisənin baş verdiyi Pərvan əyalətinin polis hissələri tərəfindən tapılıb\". SİA-nın məlumatına görə, bu barədə Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdırmaq üçün yaradılan komissiyanın Azərbaycan tərəfdən rəhbəri, "Azərbaycan Hava Yolları" (AZAL) avia şirkətinin vitse-prezidenti İlham Əmirov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, qara qutu hazırda komissiyanın Əfqanıstan tərəfdən olan sədrindədir və yaxın günlərdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) Moskvadakı qərargahına göndəriləcək: "Biz onlara müraciət etmişik ki, beynəlxalq konvensiyaya uyğun olaraq qara qutu hər iki tərəfin - həm Əfqanıstanın, həm də Azərbaycanın nümayəndələrinin iştirakı ilə açılmalıdır. Xahiş etmişik ki, qutu bizim iştirakımızla oxunsun".

İ.Əmirov bildirib ki, hadisə yerinə paraşütçülərin də yaxınlaşması mümkün deyil: "Çünki ora hərbi cəhətdən də təhlükəlidir və bu cəhd hökmən insan itkisinə səbəb ola bilərdi. İndiyədək cəsədləri əldə etmək üçün Azərbaycanın Pakistan və Əfqanıstandakı səfirliklərini, ABŞ-ın Azərbaycandakı səfirliyini prosesə cəlb etdik. Mən bu şəkilləri görəndən sonra başa düşdüm ki, Əfqanıstan tərəfi bizim cəhdlərə niyə belə soyuqqanlı yanaşır. Yəni onlar bilirlər ki, hətta hansısa itkilər hesabına da qəza yerinə yaxınlaşmaq mümkün olsa belə, cəsədləri tapmaq çox çətindir. Çünki 190 tonluq təyyarədən qalan qalıqları gördükdən sonra, açığı ordan cəsəd tapacağımız inandırıcı görünmürdü. Qəza zamanı təyyarənin bakında xeyli yanacaq olub. Bu yanacaq ehtiyat üçün – hava limanı bağlı olarsa, başqa hava limanına enmək üçün lazımdır. Nəticədə baş verən partlayış zamanı yanğın uzun müddət davam edib. Amma biz ekipaj üzvlərini itkin düşmüş sayırıq. Həqiqətən də mən onlara itkin sözündən başqa söz deyə bilmirəm və siz də bilirsiniz ki, əgər bu cür hallarda ekipaj üzvlərindən 6 ay müddətinə cavab gəlməsə onda onlar həlak olmuş sayılacaqlar".

Komissiya rəhbəri təyyarənin vurulması ilə bağlı ehtimallara hələ də aydınlıq gətirilmədiyini söyləyib: "Bu ehtimal da, başqa versiyalar da var və onların hamısına baxılır".

Bununla belə, İ.Əmirov Əfqanıstana Azərbaycandan uçuşlar yerinə yetirilməsində fasilə yaranmadığını vurğulayıb: "Hələlik Kabildən və Baqramdan başqa digər aeroportlara uçuşlar yerinə yetirilir".

Onun sözlərinə görə, qəzadan sonra "Silk Way" avia şirkətində işləyən Özbəkistan vətəndaşları fəaliyyətlərini dayandırıblar: "Özbəkistan özü də uçuşlarını dayandırıb və öz vətəndaşlarını geri çağırıb".

Qeyd edək ki, Azərbaycanın "Silk Way" aviasiya şirkətinə məxsus "İL-76" təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. Bununla belə İ.Əmirov onu da qeyd edib ki, təyyarənin Taliban tərəfindən də vurulması ehtimalı var və qara qutu oxunana qədər bu ehtimal digər ehtimallar kimi qüvvədədir".

Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanından havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə