Mübariz Qurbanlı: “Azərbaycan NABUCCO ideyasında iştirak edənlərin bu məsələni həll etməsini gözləyir”

Mübariz Qurbanlı: “Azərbaycan NABUCCO ideyasında iştirak edənlərin bu məsələni həll etməsini gözləyir”

"NABUCCO layihəsi ətrafında çox müzakirələr aparılır və bunun əsas ideyası Xəzər bölgəsindəki enerji qaynaqlarının, xüsusilə təbii qazın Avropa bazarlarına çıxarılmasıdır". Bu barədə SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib. O bildirib ki, Azərbaycan neft və qaz ixrac edən ölkələrin onluğuna daxil olmaqdadır və aparıcı ölkələr sırasındadır. Onun sözlərinə görə, Azərbaycan özününü təbii enerji, karbohidrogen ehtiyatlarını, neft və qazını ixrac etmək üçün kifayət qədər imkanlara malikdir.

Azərbaycanın 7 ixrac kəmərinin olduğunu deyən M.Qurbanlı vurğulayıb ki, təbii qaz və neft ixrac etmək üçün müxtəlif istiqamətlər var: "Məsələn, neft ixracı üçün Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəməri, eyni zamanda Azərbaycanın Rusiyadan keçən neft kəməri var. Azərbaycanın qaz kəmərləri ilə Avropaya qaz ixrac etməyə qadirik. NABUCCO ilə əlaqədar ortada olan fikirlərə Azərbaycanın mövqeyi ondan ibarətdir ki, NABUCCO ideyasını irəli sürənlər bu kəmərin işlənib hazırlanması və çəkilməsi məsələsini həll etdikdən sonra Azərbaycan qaz ixrac edən ölkə kimi öz qazını bu və ya digər NABUCCO da iştirak edən və ya bu xətlə qaz idxal etmək imkanı olan ölkələrə sata bilər. Lakin Azərbaycan bu məsələdə hansısa bir ciddi, qeyri-adi narahatlığa malik deyil, çünki Azərbaycanın ixrac imkanları var. NABUCCO ideyasına Azərbaycan bu və ya digər formada dəstək verir. Lakin NABUCCO ideyasında iştirak edənlərin bu məsələni həll etməsini gözləyir. Onlar bunu həll etməyiblərsə, ortaya qoya bilməyiblərsə, bu artıq deklorativ bəyanatlar olacaq. Sadəcə bəyanatlar formasında öz əksini tapacaq. Ona görə də Azərbaycan tərəfinin mövqeyi dəfələrlə bildirilib. Azərbaycan öz təbii karbohidrogen ehtiyatlarını ixrac etmək üçün beynəlxalq konsersiumlarla aparılan bu və ya digər layihələrlə münasibəti bildirir və bunlarda iştirakını zamana uyğun həll edir".

Bütün xəbərlər Facebook səhifəmizdə