Şahin Mustafayev: “Azərbaycanda son yeddi il ərzində ÜDM və sənaye istehsalı üç dəfə artıb”

Şahin Mustafayev: “Azərbaycanda son yeddi il ərzində ÜDM və sənaye istehsalı üç dəfə artıb”

"20 il bundan öncə Azərbaycanın sosial-iqtisadi həyatında xaotik bir vəziyyət hökm sürürdü. Ermənistanın Azərbaycana təcavüzü və bunun nəticəsində 1 milyona qədər soydaşın qaçqın və məcburi köçkün olması iqtisadi durumun daha da kəskinləşməsinə gətirib çıxarmışdı. SİA-nın xəbərinə görə, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev Dünya Azərbaycanlılarının III Qurultayında iştirak edən Azərbaycan diasporu nümayəndələrinin dövlət qurumlarının rəhbərləri ilə görüşündə deyib. O bildirib ki, nəticə olaraq iqtisadiyyat hər il 16-17% aşağı düşmüşdü. Dövlət büdcəsinin kəsiri 13 %, xarici ticarət dövriyyəsi 42%, əməkhaqqları 6%-dək aşağı düşdüyünü deyən nazir vurğulayıb ki, müəssisələr arasında əlaqələr kəsilmişdi və bu da iqtisadi vəziyyətin aşağı düşməsinə səbəb olmuşdu. Ş.Mustafayev vuğulayıb ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bir çox sahələrdə inkişafa nail olunub. Onun sözlərinə görə, atəşkəs rejiminin imzalanması iqtisadiyyatın güclənməsinə daha da təkan verib.

"Liberal bazar iqtisadiyyatının yaradılması istiqamətində fundamental tədbirlər və islahatlar başlanıb. Sahibkarlığın yaradılması biznes, investisiya mühitinin formalaşdırılması üçün iqtisadi inkişafın başlıca amilləri idi. Bu istiqamətdə təxirəsalınmaz tədbirlər başlanıb. Qısa müddət ərzində bu istiqamətdə ciddi nailiyyətlər əldə olunub. Bu gün artıq qeyd edirik ki, Azərbaycanda sahibkarlıq mühiti formalaşıb, ÜDM-nin 80 faizi özəl sektor tərəfindən yaradılır. İnvestisiya mühitinin yaradılması, aparıcı investiya şirkətlərinin Azərbaycana yatırımlar etməsi üçün müvafiq şəraitin yaradılması buna gətirib ki, dünyada məşhur olan şirkətlər Azərbaycanla əməkdaşlıq etməyə başlayıb və bu gün də davam etdirilir", - deyə o əlavə edib.

Ş.Mustafayev qeyd edib ki, son 7 ildə Azərbaycanda mövcud məktəblərin 40%-i yenidən tikilib və ya əsaslı təmir olunub və bunların da sayı 2 mindən çoxdur: "Eyni zamanda, bütün regionları əhatə edın səhiyyə obyektlərinin tikintisi, müasir standartlara cavab verən səhiyyə mərkəzlərinin tikintisi və əsaslı təmiri yerinə yetirilib. Bu gün Azərbaycanın bütün bölgələrində səhiyyə xidmətini təmin etmək üçün bütün şərait yaradılıb. Görülən işlər nəticəsində 2000-ci ildən Azərbaycanın ÜDM-i 4 dəfə, son yeddi il ərzində ÜDM və sənaye istehsalı üç dəfə artıb. Ölkədə yoxsulluğun səviyyəsi 5 dəfəyə qədər aşağı düşüb. Hazırda Azərbaycanda yoxsulluğun səviyyəsi 9,1% təşkil edir. Hər 10-11 nəfərdən biri yoxsul vəziyyətində yaşayır".

Bütün xəbərlər Facebook səhifəmizdə