İqtisadi Tədqiqatlar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə
Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "İşçilərin sosial
vəziyyətinin gücləndirilməsi məqsədilə
QHT-lərdə icbari sığortanın tətbiqinin təşviqi" layihəsini həyata keçirir. SİA-nın xəbərinə görə, layihənin
əsas məqsədi yerli QHT-lərin menecerləri və mühasiblərinin bilik
və bacarıqlarının artırılması, işçilərinin sosial müdafiəsinin gücləndirilməsi
üçün onların institutsional inkişafına yardım göstərmək, icbari sığortaya dair
yeni qanunvericiliyi təbliğ və təşviq
etməklə onun icrasına və bununla da QHT
sektorunda sığorta bazarının yaratdığı sosial təminat və müdafiə, sağlamlığın qorunması imkanlarından bəhrələnməyə dəstək verməkdir.
Bu gün layihə çərçivəsində QHT rəhbərləri, mühasibləri və menecerləri üçün istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta mexanizmi, sığorta haqqının layihə təkliflərinə salınması qaydaları, müvafiq maliyyə hesabatlarının hazırlanması, sığorta haqqı tutulacaq əmək haqqı məbləğinin hesablanması qaydaları və sairlə bağlı metodiki seminar təşkil edilib.
Tədbirdə ilk olaraq çıxış edən İTM İdarə Heyətinin sədri Qubad İbadoğlu hər il
ölkədə istehsalat qəzaları nəticəsində 50-dək
insanın həyatını itirdiyini, 150-dək insanın isə müxtəlif dərəcəli xəsarət
aldığını bildirib. Onun sözlərinə görə, belə bir şəraitdə bu sahədə qanunverici
bazanın formalaşdırılması çox vacib və zəruri bir addım olub: "Hazırda bütün
işəgötürənlərin əsas vəzifəsi qəbul edilmiş qanunvericiliyin tələblərinə əməl
etməkdir. İşçilər isə istehsalat qəzaları və peşə xəstəliklərindən sığorta
olunmaqda özləri maraqlı olmalıdılar. Bunun üçünsə onların qanunvericiliklə bağlı
məlumatlılıq səviyyəsi artırılmalıdır. Bu ehtiyacı ödəmək məqsədilə biz
QHT-lərə Dövlət Dəstəyi Şurasına təkliflə müraciət etdik. Müraciətimizə müsbət
cavab verildiyinə görə Şuraya təşəkkürlərimizi bildiririk. Biz QHT-lər də işəgötürən olduğumuza görə bu
sahədə məlumatlı olmağımız çox vacibdir. Çünki qanunvericiliyə əməl etməsək,
bizə qarşı cərimə tətbiq oluna bilər."
Daha sonra layihənin rəhbəri Dünya Camalova layihə
çərçivəsində görülən işlər barədə iştirakçılara məlumat verib: "İndiyədək
layihə çərçivəsində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortaya
dair qanunvericilik analiz edilib, onun
tətbiqi mexanizmini tənzimləyən normativ sənədlər, sığorta haqqının
hesablanması, sığorta müqaviləsi, sığortaçılar və sair barədə ətraflı
məlumatlardan ibarət baza yaradılıb.
Həmin baza əsasında işçilər və işəgötürənlər arasında paylamaq üçün sadə
başadüşülən maarifləndirmə broşürün çap edilib, hazırda onun yayılması işi
həyata keçirilir. Eyni zamanda müvafiq risk qrupuna daxil olan peşələr üzrə
əmək haqqı məlumatları əsasında icbari sığorta məbləğini, mümkün hadisələrə
görə sığorta ödənişlərini hesablayacaq vebkalkulyator hazırlanır. İyulun
sonunadək biz kalkulyatoru istifadəyə verəcəyik."
Sığorta sahəsi üzrə mütəxəssis, "Atəşgah" sığorta
şirkətində təlimçi vəzifəsində çalışan Eldəniz Əsədov iştirakçılara üç mövzuda təqdimat
edib. "İcbari sığorta nədir və hansı üstünlüyü var?" adlı təqdimatda
istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığortanın
işçilərə verdiyi təminatlar, işəgötürənlərə verdiyi imkanlar barədə ətraflı
məlumatlar yer alıb. Tədqiamtdan sonra iştirakçıların çoxsaylı suallarını
cavablandıran E.Əsədov bu prosesdə sığorta şirkətlərinin öz üzərlərinə böyük
məsuliyyət götürdüklərini bildirib.
"Sığorta ödənişlərinin hesablanması metodları,
QHT-lər işçilərini necə sığortalamalıdır?" adlı təqdimatda müxtəlif nümunələr
əsasında sığorta hadisələri zamanı sığortalanmış işçilərə ödəniləcək məbləğ,
onun hesablanması mexanizmi, məbləğə təsir edən amillər, eyni zamanda QHT-lərin
öz işçilərini necə sığrtalaması, hansı prosedurlardan keçmələrinin gərəkdiyi
barədə dolğun məlumatlar əksini tapıb. Bu barədə QHT nümayəndələrinin
suallarına mütəxəssis tərəfindən verilən cavablardan aydın olub ki, yeni
qanunvericilik qısamüddətli layihələrlə işləyən QHT-lər üçün ciddi vaxt tələb
edən çoxsaylı sənədləşmələrin aparılmasını tələb edir. Tədbirdə iştirak edən
QHT rəhbərləri bu prosesin sadələşdirilməsi üçün təkliflərin hazırlanmasının
zəruri olduğu qənaətinə gəliblər.
"Sığorta hadisəsi necə rəsmiləşdirilməlidir və
ödənişlərin hesablanması qaydası" barədə danışan E.Əsədov bu sahədə əsas söz
sahibi kimi sığrorta şirkətlərinin deyil, bir sıra dövlət qurumlarının çıxış
etdiyini bildirib. Belə ki, baş vermiş istehsalat qəzasını qeydə alan Fövqəladə
Hallar Nazirliyi, işçinin sağlamlığına, əmək qabiliyyətinə dəyən zərəri
müəyyənləşdirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi qərarlar
sığorta ödənişinin məbləğinə təsir edən başlıca amillərdir. Bu təqdimatdan
sonra da iştirakçılar aparıcıya çoxsaylı suallar ünvanlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB