Azərbaycan İEC-in tərəfdaş üzv ölkə proqramına qoşulub

Azərbaycan İEC-in tərəfdaş üzv ölkə proqramına qoşulub

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovla Beynəlxalq Elektrotexniki Komissiyanın (İEC) baş katibi Ahoran Amit arasında imzalanmış sənədə əsasən Komitə Azərbaycan Respublikası adından təşkilatın tərəfdaş üzv ölkə proqramına qoşulub.

Qurumdan SİA-ya verilən xəbərə görə, tərəfdaş üzv ölkə proqramına qoşulmaqla Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi İEC-in elektron bazalarından maneəsiz istifadə və Komissiya tərəfindən qəbul edilmiş 200-dək beynəlxalq standartı əldə edərək Azərbaycan Respublikasında tətbiq etmək imkanları qazanıb. Bundan başqa Komitə ekspertləri İEC-in Texniki Komitələrində və Baş Assambleyada iştirak etmək hüququ da əldə edib.

Məlumat üçün bildirək ki, Beynəlxalq Elektrotexniki Komissiya (İEC) elektrik, elektron və əlaqəli texnologiyalar sahəsində standartlaşdırma üzrə beynəlxalq təşkilatdır. İEC standartları zəruri hallarda Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) ilə müştərək hazırlanır. Komissiya 1906-cı ildə yaradılıb və hazırda tərkibində 76 ölkə təmsil olunur. Komissiyanın mərkəzi qərargahı İsveçrənin Cenevrə şəhərindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə