Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə on dördüncü hesabatını açıqladı
2011-ci il iyunun 20-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilib. SİA-nın məlumatına görə, MHŞT üzrə Hökumət Komissiyası Mur Stefens audit şirkəti tərəfindən yoxlanılmış Azərbaycan Respublikası Hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə növbəti (on dördüncü) hesabatını (2011-ci il üzrə) açıqlayıb. Hesabata eyni zamanda hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin təqdim etdikləri fərdi hesabatların təhlili əsasında audit şirkətinin verdiyi rəy də daxildir.
İclasda MHŞT-nin Azərbaycanda tətbiqinə dair digər məsələlər geniş müzakirə olundu.
Ölkənin hesabatı, eləcə də audit şirkətinin rəyi Dövlət Neft Fondunun (www.oilfund.az), MHŞT üzrə Beynəlxalq Katibliyin və QHT-lərin təmsil olunduğu Mədən Hasilatında Şəffaflığın Artırılması Koalisiyasının İnternet səhifələrində yerləşdirilir.
MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana \"2009-cu il MHŞT mükafatı\" təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB