Əli Həsənov: \"Biz bu gün qaçqınların əmək qabiliyyətlərini itirməsinə imkan verməməliyik\"

Əli Həsənov: \"Biz bu gün qaçqınların əmək qabiliyyətlərini itirməsinə imkan verməməliyik\"

Bu gün "Azərbaycanda məcburi köçkün və yerli fermerlərin həyat səviyyəsinin yaxşılaşdırılması-FAO təcrübəsinin ölkənin digər rayonlarında təkrarlanması imkanları" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda Azərbaycan Respublikası baş nazirinin müavini Əli Həsənov, İsveçrənin Azərbaycandakı səfiri xanım Sabin Ulman Şaban, kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev, Braziliya Federasiyası Aqrar İnkişaf Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Fransesko Pierrin, FAO-nun Azərbaycan üzrə nümayəndəsi Mustafa Sinasör və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş texniki məsləhətçisi Volter de Alviyera və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbir Ağdam rayonunda məskunlaşmış məcburi köçkünlər üçün yaradılmış şəraiti əks etdirən video-çarxın nümayişi ilə başlayıb. Slaydda qaçqın və məcburi köçkünlərin kənd təsərrüfatı sahəsinə cəlb olunması və bundan yaranan müsbət nəticələr haqda tədbir iştirakçılarına məlumat verilib. Daha sonra çıxış edən baş nazirin müavin Əli Həsənov bildirib ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial problemləri vaxtında və tam həll olunur və ölkə bu problemləri həll etmək bacarığında və qabiliyyətindədir: \"Bu gün bəzi donorlar belə fikirlər səsləndirirlər ki, Azərbaycanın bu sahədə beynəlxalq humanitar təşkilatlarla əməkdaşlığa ehtiyacı yoxdur. Bu düzgün fikir deyil. Nə qədər ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi öz həlli yolunu tapmayacaq, Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlı olacaq. Çünki Azərbaycanda qaçıqınlar və məcburi köçkünlər Ermənistanın Azərbaycana təcavüzündən sonra yaranıb və belə insanların sayı 1 milyondan çoxdur". Ardınca komitə sədri vurğulayıb ki, bu cür tədbirlərin maliyyə cəhətdən böyüklüyü və kiçikliyi əməkdaşlığın yaranmasına əngəl törətmir və əsas odur ki, onaların mahiyyəti böyük olsun. Onun sözlərinə görə, bu baxımdan FAO-nun Azərbaycanda gördüyü işlər alqışa layiqdir və birinci addımda gördüyü işlər öz müsbət nəticələrini göstərir. \"Düzdür, bu tədbirlər hələ ki, Ağdam rayonunda baş tutub və bu layihənin maliyyə dəyəri 900 min dollardır, amma nəticələr çox gözəldir. Biz belə tədbirlərin digər rayonlarda da keçirib-keçirə bilməyəcəyimizi müzakirə edirik\",-deyə baş nazirin müavini qeyd edib.

"Biz bu gün qaçqınların əmək qabiliyyətlərini itirməsinə imkan verməməliyik. Çünki bu insanlar öz doğma torpaqalarında kənd təsərrüfatı ilə məşğul olublar və bu insanların humanitar yardımdan asılı deyil, öz əməyi hesabına yaşamasını təmin etmək lazımdır", -deyən komitə sədri Füzuli, Biləsüvar, Goranboy və Beyləqan rayonlarında da qaçqınların yaşadığını xatırladıb və bu rayonlarda da FAO-nun bu tipli layihələr həyata keçirə biləcəyinə ümid etdiyini bildirib.

Ardınca çıxış edən Braziliyanın Aqrar İnkişaf Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Fransesko Pierrin bir zamanlar ölkəsində də bu tip problemin olduğunu və bu sahədə ölkəsinin təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğunu bildirib. Qonaq vurğulayıb ki, Braziliyanın Boliviya sərhədində baş verən təbii fəlakətin ardından burada yaşamaq və kənd təsərrüfatı ilə məşğul olmaq olduqca çətin idi: \"4 milyon insan bu zonanı tərk etdi. Bu zaman Braziliya hökuməti bəzi tədbirlər həyata keçirdi. Hökumət həmin insanlara torpaq ərazisi ayırdı, fermer təsərrüfatı olanlara yardım göstərdi, onlara kreditlərin verilməsini sadələşdirdi. Bu gün həmin insanların, təsərrüfatların ölkə ÜDM-də payı 10%-dir. Son zamanlar isə bu fermerlərə 3.8 mln dollar imtiyazlı kreditlər verilib və mən inanıram ki, Azərbaycan da bu sahədə tərəqqiyə nail olacaq".

Tədbirdə çıxış edən digər qonaqlar da mövzu ilə bağlı fikirlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə