Azərbaycanda sığorta bazarının inkişafı qonşu ölkələrlə müqayisədə geridədir

Azərbaycanda sığorta bazarının inkişafı qonşu ölkələrlə müqayisədə geridədir

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM ) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun ("ACİYF") maliyyə dəstəyi ilə "Azərbaycanda Sığorta Sistemi: iqtisadi və sosial proseslərə multiplikator təsiri kimi" adlı layihənin icrasını həyata keçirir. Mərkəzdən SİA-ya verilən məlumata görə, layihə çərçivəsində Azərbaycanda sığorta sektorunun inkişaf tarixi, problemləri, icbari sığorta növlərinin tətbiqi, sığorta şirkətlərinin özəl sektordakı payı, təklif etdikləri xidmətlərin çeşidi və keyfiyyəti araşdırılıb.

Həmçinin, yerli sığorta bazarının inkişaf etmiş ölkələrin, o cümlədən region dövlətlərinin- Türkiyə, Rusiya və Gürcüstanla müqayisəsi aparılıb. Məlum olub ki, ölkədə aparılan islahatların, sürətləndirilmiş iqtisadi inkişafın dinamikası ilə sığorta bazarının inkişafı səviyyəsi arasında uyğunsuzluq var. Azərbaycanın sığorta sektoru nəinki Rusiya, Türkiyə, hətta Gürcüstanla müqayisədə zəif inkişaf edib. Bu həm sığorta mükafatlarının həcminə, həm də sığorta məhsullarının sayına görə dəyərləndirilib.

Araşdırmalar göstərib ki, inkişaf etməkdə olan ölkələrdə sığorta sisteminin Ümumu Daxili Məhsuldakı (ÜDM) payı 15-20 faiz arasında dəyişdiyi halda Azərbaycanda bu göstərici 0,4 faiz, adambaşına düşən sığorta haqqları cəmi 18-19 manatdır. Son bir neçə ildə ölkənin sığorta bazarında cəmi 3 faiz artım baş verib. Rəqəmlərin təhlili Azərbaycanın sığorta bazarında beynəlxalq sığorta təcrübəsindən fəqli tendensiyaların müşahidə olunduğunu göstərib. Belə ki, dünyada həyat sığortasının bütün növləri yığım xarakteri daşıdığı, o cümlədən vətəndaşların maddi vəziyyətlərinin yaxşılaşdırılmasına xidmət etdiyi zamanda Azərbaycanda əksinə bu sığorta növü üzrə daxilolmalar ildən-ilə azalıb.

Tədqiqat dövründə icbari sığorta növləri üzrə sığorta haqları və ödənişlərinin digər sığorta növləri ilə müqayisəsi aparılıb və bu sığorta növü üzrə də daxilolmalar qənaətbəxş qiymətləndirilməyib. İcbari sığortanın tətbiqi ilə bağlı açıq məqamların olduğu qeyd edilib. Bazarın araşdırılması zamanı o da məlum olub ki, sığorta şirkətlərinin çoxu kapital baxımından banklardan asılıdır. Həmin şirkətlər öz büdcələrini bankların hesabına, daha doğrusu, avtokreditləşmə (kreditlə satılan avtomobillərin sığortalanması) hesabına tənzimləyirlər.

Mərkəzdən bildirilib ki, layihə çərçivəsində Azərbaycanda sığorta sistemi ilə bağlı siyasət sənədinin və təkliflər paketinin hazırlanması nəzərdə tutulub/

Bütün xəbərlər Facebook səhifəmizdə