ARDNŞ tələbələrə təqaüd verməkdə davam edir

ARDNŞ tələbələrə təqaüd verməkdə davam edir
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, ARDNŞ artıq 7 ildir ki, perspektivli gənc neftçi mütəxəssislərin hazırlanması, tələbələrin neft-qaz sənayesi, emal və neft kimyası sahələrində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədi ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri üçün Təqaüd Proqramı həyata keçirir.

SİA-nın məlumatına görə iyunun 14-də 2010-2011-ci tədris ilinin II semestrinin nəticələrinə əsasən Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin təqaüdünün verilməsi üzrə Müsabiqə Komissiyasının yekun iclası keçirilib. İclasda 19 may tarixindən 3 iyun tarixinədək müsabiqənin II turu çərçivəsində aparılmış müsahibələrə yekun vurulub. Müzakirələr zamanı qeyd edilib ki, müsabiqədə iştirak edən 2-ci və 3-cü kursların tələbələri daha böyük fəallıq və yüksək biliklər nümayiş etdiriblər. Ötən il ARDNŞ-nin təşkil etdiyi yay təcrübə proqramının yuxarı kurs tələbələrinin nəticələrinə müsbət təsir göstərməsi vurğulanıb. Komissiya üzvləri 3-cü və 4-cü kurs tələbələrinin kifayət qədər yüksək nəticələr nümayiş etdirmələri və həmin tələbələrin ARDNŞ-nin potensial işçi qüvvəsini təşkil etməsi nəzərə alınaraq 4 baldan artıq toplanıb əlavə 15 nəfər tələbəyə də ARDNŞ təqaüdünün verilməsi barədə Şirkət prezidenti qarşısında vəsadət qaldırmağı qərara alıblar. ARDNŞ prezidentinin verdiyi qərar əsasında hazırlanacaq təqaüdçülərin tam siyahısı Dövlət Neft Şirkətinin və Şirkətin Təqaüd Proqramının internet səhifələrində yerləşdiriləcək.

Xatırladaq ki, müsabiqəyə ölkənin 19 ali təhsil müəssisəsindən ümumilikdə 1928 tələbə müraciət edib. İlkin seçim prosesindən sonra aprelin 24-də müsabiqənin I turu çərçivəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən məntiqdən keçirilmiş test imtahanında 1513 namizəd iştirak edib, ARDNŞ-nin Müsabiqə Komissiyasının ixtisas qrupları üzrə təyin etdiyi keçid ballarına əsasən 339 tələbə II tura buraxılıb. İndiyədək respublikanın ali məktəblərində təhsil alan yüzlərlə tələbə ARDNŞ-nin təqaüdünə layiq görülüb. Təqaüdün aylıq məbləği 100 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə