“Azad bazar iqtisadiyyatı qlobal ticarəti və istehlak davranışını formalaşdırır” -EKSPERT DANIŞDI

“Müasir dövrdə iqtisadiyyat qlobal miqyasda tam inteqrasiya olunmuş bir sistemə çevrilmişdir. Artıq “yerli bazar” anlayışı əvvəlki kimi məhdud məna daşımır, çünki bu gün dünyanın istənilən nöqtəsində istehsal olunan məhsul qısa zaman ərzində digər ölkələrin bazarlarına daxil ola bilir. Bu proses əsasən qloballaşma və azad bazar iqtisadiyyatı prinsipləri əsasında formalaşır”.
Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Azad bazar iqtisadiyyatı şəraitində istehsalçılar və sahibkarlar dövlətin birbaşa müdaxiləsi olmadan bazara daxil ola, məhsullarını müxtəlif qiymət və istiqamətlərdə sərbəst şəkildə sata bilirlər:

”Bu sistemdə əsas hərəkətverici qüvvə rəqabət və mənfəət amilidir. Nəticə etibarilə, biznes subyektləri daha çox gəlir əldə etmək üçün qlobal bazar imkanlarından istifadə etməyə çalışırlar və beləliklə, beynəlxalq ticarət dinamik xarakter alır.

Azərbaycan da bu qlobal iqtisadi proseslərin fəal iştirakçılarından biridir. Ölkə iqtisadiyyatı açıq bazar prinsipləri əsasında fəaliyyət göstərir və müxtəlif ölkələrdən, o cümlədən Türkiyə, Çin və digər dövlətlərdən sənaye, geyim, məişət və elektronika məhsullarının idxalı həyata keçirilir. Bu isə bazarda rəqabətin artmasına və məhsul çeşidinin genişlənməsinə şərait yaradır.

Bununla belə, idxal prosesində keyfiyyətə nəzarət məsələsi müəyyən çətinliklər yarada bilir. Mövcud praktikada bir çox məhsullar gömrükdən əsasən sənəd uyğunluğu, sertifikatlar və vergi ödənişləri əsasında keçir. Yəni məhsulların fiziki və texniki keyfiyyəti hər zaman geniş laborator yoxlamalardan keçmir. Bu isə azad ticarət prinsiplərinin birbaşa nəticəsi kimi qiymətləndirilə bilər.

Əslində, beynəlxalq ticarət həcminin böyük olması bütün məhsulların tam yoxlanmasını həm texniki, həm də iqtisadi baxımdan çətinləşdirir. Buna görə də sistem daha çox risk əsaslı nəzarət modelinə söykənir. Bu yanaşma ümumilikdə effektiv olsa da, istehlakçı təhlükəsizliyi baxımından müəyyən risklər də yarada bilər.

Xüsusilə geyim və bəzi istehsal sahələrində istifadə olunan kimyəvi maddələr, material keyfiyyəti və sağlamlığa təsir məsələləri istehsalçı ölkələrin standartlarından asılı olur. Lakin bu standartlar beynəlxalq miqyasda tam eyni olmadığı üçün istehlakçılar üçün fərqli risk səviyyələri formalaşır.

Bu səbəbdən azad bazar iqtisadiyyatı şəraitində istehlakçı maarifləndirilməsi və ictimai nəzarət xüsusi əhəmiyyət kəsb edir. Dövlət bütün məhsulları tam yoxlaya bilmədiyi hallarda, istehlakçının məlumatlılığı və düzgün seçim bacarığı əsas rol oynayır, azad bazar iqtisadiyyatı təkcə ticarət və gəlir sistemi deyil, həm də məsuliyyətli istehlak, etik biznes davranışı və keyfiyyət standartlarına əsaslanan kompleks bir mexanizmdir. Əks halda, iqtisadi azadlıq sosial risklərlə müşayiət olunan balanssız sistemə çevrilə bilər”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə