Son illərdə Azərbaycan manatının məzənnəsi və iqtisadi sabitliyi maliyyə bazarlarının və vətəndaşların diqqət mərkəzindədir. Qlobal iqtisadi dəyişikliklər, neft qiymətlərinin dalğalanması və daxili maliyyə siyasəti manatın dəyərinə birbaşa təsir göstərə bilər. Bu səbəbdən tez-tez gündəmə gətirilən suallardan biri də manatın devalvasiyası perspektividir. Bəs, manatın devalvasiyası gözlənilirmi?
Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov SİA-ya açıqlamasında bildirib ki, uzunmüddətli perspektivdə müəyyən risklərin mövcud olduğunu qeyd etmək lazımdır:
"Lakin yaxın perspektivdə konkret olaraq manatın devalvasiyası gözlənilmir. Bizim proqnozlarımıza görə, bunun üçün heç bir əsas yoxdur. Faktiki olaraq, iqtisadi göstəricilər və cari makroiqtisadi vəziyyət manatın sabitliyinə zəmin yaradır. Ötən gün Mərkəzi Bankın sədri ilə keçirilən görüşlərdə də bu məsələ ilə bağlı suallar ünvanlandı. Görüşdə iştirak edən bütün tanınmış iqtisadçı ekspertlər, manatın sabitliyinin qorunması və potensial risklər barədə məlumat aldılar. Mərkəzi Bankın əsas prioritetlərindən biri məhz milli iqtisadi siyasət çərçivəsində manatın dəyərinin sabit saxlanılmasıdır. Bunu bir neçə əsas faktla izah etmək mümkündür. Bildiyiniz kimi, dünyada baş verən iqtisadi və siyasi proseslər xarici ticarət balansına təsir göstərə bilər. Lakin Azərbaycan hökuməti bu sahəni aktiv şəkildə tənzimləyir və nəzarətdə saxlayır.
Mərkəzi Bankın kifayət qədər ehtiyatları mövcuddur. Fevral ayının əvvəllərində açıqlanan rəsmi göstəricilərə görə, bankın valyuta ehtiyatları təqribən 11,16 milyard dollar təşkil edirdi. Bu, hər hansı iqtisadi və ya maliyyə problemində istifadə oluna biləcək güclü “yastıq”dır. Belə ki, fövqəladə hallarda Mərkəzi Bankın ehtiyat fondundan əlavə vasitələr çıxarılaraq bazara yönləndirilə bilər.
Hazırda manatın dollara qarşı sabitliyinin qorunması istiqamətində müxtəlif alətlərdən istifadə olunur. Bu alətlər Mərkəzi Bankın ehtiyatlı və sistemli siyasətinin bir hissəsidir. Məqsəd, devalvasiyanın baş verməsinin qarşısını almaq və milli iqtisadiyyatı risklərdən qorumaqdır. Mərkəzi Bank bu istiqamətdə davamlı monitorinq aparır, bütün riskləri diqqətlə izləyir və nəzarət altında saxlayır. İqtisadçılar arasında bir deyim var: “Suyu üfürə-üfürə içmək” – yəni hər addım ölçülüb-biçilir və tədricən həyata keçirilir.
Manatın devalvasiyası, xüsusilə idxaldan asılı olan iqtisadiyyatlarda ciddi inflyasiya riskləri yarada bilər. Azərbaycanda bir çox məhsullar xaricdən idxal olunur və bu əməliyyatlar əsasən dollarla həyata keçirilir. Ona görə də manatın dəyərinin qorunması prioritet məsələdir, çünki hər hansı devalvasiya birbaşa inflyasiyanı sürətləndirə və iqtisadi sabitliyə ciddi təsir göstərə bilər. Hazırkı iqtisadi vəziyyət və Mərkəzi Bankın ehtiyatlı siyasəti manatın yaxın perspektivdə sabit qalmasını təmin edir. Bu, həm idxalçı sektorun, həm də bütün iqtisadiyyatın risklərini minimuma endirməyə xidmət edir".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB