Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Agentliyin inzibati binasında vətəndaşların qəbulunu davam etdirir. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, bu çərçivədə bu gün heyvandarlıq məhsullarının istehsalı, emalı, həmçinin heyvan və quş kəsimi sahəsində fəaliyyət göstərən sahibkarlar üçün qəbul keçirilib. Qəbul zamanı sahibkarların müraciət və təklifləri dinlənilib, sualları cavablandırılıb, aidiyyəti üzrə göstərişlər verilib. Onlar mövcud qanunvericilik və tələblər barədə ətraflı məlumatlandırılıb. Heyvandarlıq məhsullarının istehsalı və emalı zamanı təhlükəsizlik və keyfiyyət göstəricilərinin, eləcə də heyvan və quş kəsiminin müvafiq tələblərə cavab verməsinin vacibliyi önə çəkilib.
Q.Təhməzli bundan əvvəl heyvandarlıq və quşçuluq təsərrüfatı sahələri, quş və quş əti, yumurta istehsalı, idxalı, ixracı sahələrində fəaliyyət göstərən sahibkarları qəbul edib.
Qeyd edək ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər və vətəndaşlar onları narahat edən məsələlərlə bağlı AQTA sədri ilə görüşə bilərlər. Görüşlərdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərməklə [email protected] elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə