Azərbaycanda “Vətəndaşın büdcə bələdçisi” hazırlanıb

Maliyyə Nazirliyi 2025-ci ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatları özündə birləşdirən “Vətəndaşın büdcə bələdçisi” hazırlayıb. SİA xəbər verir ki, bələdçidə dövlət və icmal büdcələrin əsas parametrləri, büdcə layihəsinin hazırlanması prosesində görülmüş işlər, büdcə gəlirlərinin formalaşma mənbələri və xərclərin istiqamətləri barədə əsas məlumatlar əks olunub.

Nazirliyin internet səhifəsində yerləşdirilən bələdçidə gələn il hökumətin həyata keçirəcəyi sosial-iqtisadi layihələr, həmçinin mühüm xərc istiqamətləri olan ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı təmin edəcək sürətli bərpa-yenidənqurma işlərinin davam etdirilməsi, əhalinin sosial müdafiəsinin təmin edilməsi, təhsil və səhiyyə xərcləri, dövlətin əsas vəzifələrinin və funksiyalarının həyata keçirilməsi üçün yaradılan maliyyə təminatı barədə məlumatlar əldə etmək olar.

"Büdcə şəffaflığının və hesabatlılığının artırılması istiqamətində son illərdə həyata keçirilən tədbirlərin tərkib hissəsi olan bu nəşr vətəndaşlara büdcə sahəsində bələdçilik edəcək, büdcənin daha asan və aydın şəkildə başa düşülməsində yardımçı olacaq", - deyə nazirlik bəyan edib.

“Vətəndaşın büdcə bələdçisi” ilə buradan tanış olmaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə