Azərbaycanın turizm imkanları Londonda nümayiş olunur

Azərbaycanın turizm potensialı Dünya Səyahət Bazarı (WTM London 2024) sərgisində geniş şəkildə təqdim edilir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycan Turizm Bürosu yerli turizm tərəfdaşları ilə birlikdə Böyük Britaniyanın paytaxtı Londonda keçirilən bu beynəlxalq sərgidə iştirak edir və ölkəmizin turizm potensialını dünyaya tanıdır.

Milli stenddə Azərbaycanın turizm sənayesini “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi və bir sıra digər turizm tərəfdaşları təmsil edir. Sərgi çərçivəsində ziyarətçilərə Azərbaycanın tarixi, mədəni irsi, milli mətbəxi, dağ-xizək mərkəzləri, şərabçılıq, sağlamlıq turizmi, ekoturizm və qış turizmi imkanları barədə ətraflı məlumat verilir. Bundan əlavə, milli stenddə Xocavənd rayonunun Tuğ kəndi işğaldan azad edildikdən sonra buradan toplanmış Xındoqnı üzüm sortlarından hazırlanan şərablar da nümayiş etdirilib.

Milli stendi Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiyadakı səfiri Elin Süleymanov da ziyarət edib və sərginin gedişatı ilə tanış olub.

1980-ci ildən etibarən hər il təşkil olunan Dünya Səyahət Bazarı (WTM) sərgisi, dünya üzrə turizm idarəetmə qurumları və sənaye nümayəndələrini bir araya gətirir.

Bütün xəbərlər Facebook səhifəmizdə