Azərbaycan Aİ ilə “yaşıl enerji”nin tədarükü layihələrini müzakirə edib - FOTO

Braziliyanın G20-yə sədrliyi çərçivəsində keçirilən enerji tədbirlərində iştirak məqsədilə Foz do İquaçu şəhərində səfərdə olan energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə komissarı Kadri Simsonla görüşdə təbii qaz təchizatı, “yaşıl enerji” tərəfdaşlığı və COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

COP29 Sədrliyinin irəli sürdüyü 14 təşəbbüsün 3-nün enerji sahəsini əhatə etdiyi qeyd olunub. COP çərçivəsində Aİ ilə birgə planlaşdırılan tədbirlər, o cümlədən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Gürcüstan, Rumıniya, Macarıstan, Bolqarıstanın, eləcə də şirkətlər və maliyyə institutlarının iştirakı ilə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə keçiriləcək yüksək səviyyəli tədbir zamanı layihənin texniki-iqtisadi əsaslandırmasının ilkin hesabatının təqdim olunması ilə bağlı fikir mübadiləsi edilib. Bu dəhliz üzrə işlərin cari vəziyyəti, layihənin Mərkəzi Asiya ölkələrinin qoşulmaqla genişləndirilməsi istiqamətində atılan addımlar nəzərdən keçirilib. Gələn il layihəyə PMI (Ortaq Maraqlar Layihəsi) statusu üçün müraciət ediləcəyi bildirilib.

Həmçinin Naxçıvan üzərindən Türkiyə vasitəsilə Avropaya “yaşıl enerji” infrastrukturunun qurulmasına da toxunularaq bu layihələrin əhəmiyyəti Avropada elektrik enerjisinə gözlənilən tələbat artımı, enerji təhlükəsizliyi və enerji keçidi kontekstində dəyərləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə