"İstehlakçılar bu cür məhsulları əldə etdikdə hər hansı problemlərlə üzləşirlər" - İQTİSADÇI FİKİR BİLDİRDİ

“İnternet üzərindən sifarişlərin artması hazırda dünya iqtisadiyyatında baş verən proseslərlə mütənasiblik təşkil edir. Yəni, rəqəmsallaşmanın surətlə tətbiq edilməsi, insanların ticarət prosesini reallaşdırarkən daha çox vaxta qənaət etməsi və ticarətlə məşğul olan şirkətlərin xərclərinin optimallaşdırılması internet üzərindən sifarişlərin həcmini artırıb”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.

O bildirib ki, bu proses biznesin daha çevik olmasına, vaxta qənaət edilməsinə və həm alıcı, həm də satıcılar üçün operativliyin təmin edilməsinə şərait yaradır: “Eyni zamanda biznes mühiti üçün daha çox informasiya bazasının formalaşması imkanları yaranır ki, bu da çox önəmlidir. Bütün satışla, sifarişlərlə bağlı olan məsələləri elektron qaydada sənədləşdirmək mümkün olur.

Təbii ki, internet üzərindən ticarətin bəzi mənfi cəhətləri də mövcuddur. Belə ki, alıcının məhsulu canlı şəkildə görməməsi bir çox hallarda problemlərə səbəb ola bilər. İnternet üzərindən reklamlarda bir çox hallarda təklif olunan məhsullar hansısa proqramlar vasitəsilə alıcıya daha ideal formada göstərilir. Lakin realda istehlakçılar bu cür məhsulları əldə etdikdə hər hansı problemlərlə üzləşirlər. Eyni zamanda keyfiyyət amili də bəzən problemə səbəb olur. İstənilən halda elektron qaydada reallaşdırılan ticarətdə satılan məhsulun keyfiyyət göstəricilərini dəqiq şəkildə bilmək bir qədər çətin olur. Bütün bunlar ticarətə öz təsirlərini göstərir. Amma iqtisadiyyatın inkişaf qanununa uyğunluğu ondan ibarətdir ki, elektron ticarətin həcmi artacaq. Buna görə də istehlakçılar və ticarət şəbəkələri yaranan problemlərin maksimum şəkildə yumşaldılmasına və ticarətin həcminin artırılmasına nail olmalıdırlar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə