Minimum əməkhaqqının nə qədər artırılması gözlənilir? - AYDINLIQ GƏTİRİLDİ

"2023-cü ilin yanvarın 1-də minimum əməkhaqqı 345 manat olmuşdu". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

İqtisadçı bildirib ki, göründüyü kimi 2024-cü ilin sonuna qədər artıq iki il müddətdir ki, minimum əməkhaqqının məbləğində hər hansı bir dəyişiklik olmamışdır: "Amma bu müddət ərzində kifayət qədər inflyasiya göstəriciləri qeydə alınmışdır. Bunların sığortalanması və əhalinin alıcılıq qabiliyyətinin qüvvədə saxlanılması üçün hökumət tərəfindən bir çox addımlar atılmaqdadır. Onlardan biri də minimum əmək haqqının yüksəldilməsidir. Bu baxımdan hesab edirəm ki, 2025-ci ilin yanvarın 1-dən etibarən minimum əmək haqqının 16%-ə qədər qaldırılması gözlənilir.

Niyə 16% qaldırılır? Çünki 345 manatlıq hazırkı məbləğin 400 manata çatdırılacağını düşünürəm. 400 manata çatdırılacağı təqdirdə isə bu artıq 16%-lik artım deməkdir. Azərbaycanda inflyasiyanın səviyyəsi də azalmaqdadır. İnflyasiya özünün 2022-ci ildə çatdığı maksimum həddindən davamlı olaraq azalmaqdadır.

Azərbaycanda 2024-cü il üçün 2023-cü ilin sonunda verilən inflyasiya proqnozu 5,3 faiz ətrafında idi. Lakin makroiqtisadi sabitliyin və ümumiyyətlə, qlobal iqtisadiyyatda inflyasiyanın artım dinamikasının səngiməsi Azərbaycanda da proqnozları yeniləməyə zərurət yaratmışdı. Bununla bağlı həm Mərkəzi Bank, həm də Maliyyə Nazirliyi tərəfindən inflyasiyaya dair praqnoz göstəriciləri azaldılıb. Belə ki, bu ilin sonunda təxminən 3 faiz civarında inflyasiyanın olacağı gözlənilir.

Minimum əməkhaqqı artırılan zaman bununla əlaqədar əməkhaqları Vahid Tarif Cədvəli əsasında artırılır. İşçilərin maaşları da bu artıma uyğun artırılır. Deməli, minimum əmək haqqı artırılarsa, qeyd etdiyim cədvələ uyğun digər artımları də gözləmək olar".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə