"Ölkəmizin gündəmində iddialı hədəflər yer alır" - Orxan Nəzərli

Ölkəmizin bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı gündəmində iddialı hədəflər yer alır. SİA xəbər verir ki, bu sözləri Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq “Yüksək keyfiyyətli ekoloji mühit” və yaşıl enerji milli inkişaf prioritetləri olaraq seçilib və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Təmiz ətraf mühit” və “yaşıl artım ölkəsi” üzrə strateji çərçivə müəyyənləşdirilib.

“Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycanda elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılması nəzərdə tutulur. 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının emissiyasını 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmaq da hədəflərimizdəndir. Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonları və Naxçıvan Muxtar Respublikası da daxil olmaqla sözügedən ərazilər yaşıl enerji zonası kimi müəyyən edilib. Ölkəmizdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Məqsəd iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə töhfələri artırmaqdır”, - deyə DVX rəisi əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə