ADSEA Füzulidə və Şuşada sakinləri işlə təmin edib - FOTOLAR

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və Ağdam, Füzuli, Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Füzuli və Şuşa şəhərlərində sakinlərin işlə təmin olunması barədə müraciətlərinə baxılıb, onlarla görüş keçirilib. SİA ADSEA-ya istinadən xəbər verir ki, sakinlərlə görüşdə ADSEA sədrinin müşaviri Etibar Məmmədov, sədrin köməkçisi Leyla Namazova, Aparat rəhbərinin müavini Ülviyyə Məmmədova, Regional Su Meliorasiya Xidmətinin sədr müavini Elşən Həsənzadə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri Zemfira Hüseynbəyli, Prezidentin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov, Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının müdir müavini Pərviz Hüseynov iştirak ediblər.

ADSEA sədrinin müşaviri E. Məmmədov yurdlarına qayıdan insanların məşğulluğunun əsas prioritetlərdən biri elan edildiyini diqqətə çatdıraraq, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Qarabağ Regional Sukanal İdarəsi, eləcə də Füzuli və Şuşa Sukanal Sahələrinin yaradıldığını xatırladıb. O da vurğulanıb ki, işçi heyətinin komplektləşdirilməsi zamanı işğaldan azad olunmuş şəhərlərin və rayonların sakinlərindən daxil olan müraciətlərə xüsusi həssaslıqla yanaşılır.

Füzuli şəhərində təşkil olunan görüşdə işə qəbul olunmaq istəyən 16 Füzuli sakininin müraciətlərinə baxılıb, onlar ixtisaslarına və peşə bacarıqlarına uyğun olaraq ADSEA-nın tabeliyində Regional Su Meliorasiya Xidmətinin Füzuli Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində işlə təmin olunublar.

Prezidentin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov çıxışında ADSEA-nın göstərdiyi bu təşəbbüsün təqdirəlayiq olduğunu deyib və qeyd edib ki, Füzuli sakinlərinin bir qisminin işlə təmin olunması Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasına müsbət töhfələr verəcək. O bildirib ki, doğma yurdlarına geri qayıdan insanların məşğulluğunun təmin olunması əsas vacib olan məsələlərdəndir.

Şuşa şəhərində keçirilən tədbirdə işə qəbul olunmaqla bağlı 20 Şuşa sakininin müraciətlərinə baxılıb, onlar da müvafiq qaydalar üzrə seçimlərdən keçərək Qarabağ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şuşa və Xankəndi Su Meliorasiya Sistemlərinin İstismarı Sahəsində işlə təmin olunublar.

Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın əsas hədəflərindən biri azad edilmiş ərazilərə qayıdan vətəndaşların məşğulluğunun təmin edilməsidir.

ADSEA Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə əhalinin məşğulluğunun sürətlə təminatı işlərini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə