Sahibkarlar nə üçün nağd ödənişdən qaçırlar? - MÜNASİBƏT BİLDİRİLDİ

“Ölkə siyasətinin əsas prioritet istiqamətlərindən biri iqtisadiyyatın şəffaflaşması, real dövriyyələrin öz əksini tapmasıdır. Bunun üçün də qanunvericilik bazası təkmilləşdirilir, sərt intizam, tənbeh növləri gətirilir və stimullaşdırıcı tədbirlər həyata keçirilir”. Bu sözləri SİA-ya danışan vergi mütəxəssisi Anar Bayramov deyib.

Onun sözlərinə görə, bunlardan biri də nağdsız hesablaşmalara marağın artırılmasıdır: “Məsələn, “ƏDV geri al” kimi kampaniyadan istifadə edilir, hətta bəzi banklar ƏDV-ni ikiqat qaytarmağı təklif edirlər ki, müştərilər özləri POS-terminalla ödəməyə maraqlı olsunlar. Burada məqsəd nağdsız hesablaşmaların çəkisinin artırılmasıdır. Müştəri tələb etdikdə, sahibkar dövriyyəsini gizlədə bilmir, vergilərini real şəkildə ödəyir. Lakin müştərilər kartla ödəniş etmək istəyəndə, sahibkarlar dövriyyələrini az göstərmək imkanı əldə edirlər. Əgər müştəri kartdan karta köçürməkdən imtina etsə və nağd pulunun olmadığını desə, bu zaman “nasaz” POS-terminal işləməyə başlayır”.

Mütəxəssis qeyd edir ki, bu hallar qanunsuzdur və aşkarlandıqda, şikayət olunduqda sahibkar məsuliyyətə cəlb edilir: “Müştəri kartdan karta köçürmələr edərkən onun üçün nəzərdə tutulan imtiyazlardan yararlana bilmir. Məsələn, bu zaman “ƏDV geri al” hüququndan məhrum olur. Bundan əlavə, kartdan karta əməliyyatları zamanı vətəndaş çətin vəziyyətdə qala bilər. Alıcı, yaxud istifadəçi kartdan karta köçürmə etdikdə, pul onun hesabından çıxır, lakin bir çox hallarda satıcının hesabına köçmür. Burada texniki səbəb də ola bilər. Rəqəmi səhv yazanda məbləğin başqasının hesabına oturması da mümkündür. Bu zaman ciddi problemlər yaranır. Alıcı pulu ödəyir, satıcı isə deyir ki, pul çatmayıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə