Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən iyunun 29-30-da Bakıda “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, yarmarkanın təşkilində əsas məqsəd vətəndaşların kənd məhsullarına artan tələbatlarını təbii və sağlam məhsullarla qarşılamaq və yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı təşkil etməkdir. Yarmarkada 20-dək regiondan 40-a yaxın fermer 100-ə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcək.

Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədi ilə yarmarkada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

Yarmarka 2 gün müddətində saat 9:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkalarında iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla təmin olunurlar. Yarmarkada iştirak etmək istəyən fermerlər +994 50 400 88 99 nömrəli “Çağrı mərkəzi” ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə