"İqtisadiyyat orta, uzunmüddətli dövrdə rəqəmsal transformasiyanı keçməlidir" - MÜNASİBƏT BİLDİRİLDİ
"Rəqəmsal iqtisadiyyat dedikdə müasir dijital texnologiyaların geniş şəkildə tətbiq edildiyi informasiya axınlarının, internet bazasının, toplanan məlumatların istifadə olunduğu iqtisadi fəaliyyət sahələrində yaradılan əlavə dəyərin həcminin çoxalması nəzərdə tutulur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib.

O bildirib ki, yəni iqtisadiyyatın, iqtisadi fəaliyyətlərin rəqəmsal transformasiyası məhz məlumat axınlarının toplanmasını internet də, kompüter texnologiyaları daxil olmaqla əldə edilərək onun iqtisadi fəaliyyətlərdə tətbiq edilən formasıdır: "Azərbaycan iqtisadiyyatı da bu və ya digər şəkildə orta və uzunmüddətli dövrdə rəqəmsal transformasiyanı keçməlidir. Əslində bu, davamlı prosesdir. Bu gün də biz bu prosesin içindəyik və hər il də davam edəcək. Burada məsələ sadəcə transformasiyanın sürətindən gedir. Hansı iqtisadiyyat ki, daha sürətlə bu texnologiyaları öz iqtisadi fəaliyyətlərində tətbiq edirlər və hökumətlər bunun üçün hüquqi əsaslar formalaşdırır, əlverişli şərait tətbiq edir, bu iqtisadiyyatların əlavə dəyər yaratma qabiliyyəti digərləri ilə müqayisədə daha güclü olur. Daha sürətlə böyüyürlər. Daha çox sosial nəticələr əldə edə bilirlər. Bu aspektdən məsələyə yanaşsaq, Azərbaycan iqtisadiyyatının rəqəmsallaşması bu və ya digər şəkildə iqtisadiyyatın transaksiya xərclərini aşağı salır, məhsulların maya dəyərini aşağı salır, prosesi sürətləndirir, informasiya axınlarını sürətləndirir. Məhsulun başa gəlməsi maya dəyərinin xərclərini optimallaşdırır. Nəticədə resurslardan daha səmərəli imkanlar formalaşmaqla iqtisadiyyata töhfələr verir. Eyni zamanda bu transformasiya özü ilə müəyyən yeni çağırışlar da formalaşdırır. Bir sıra fəaliyyət sahələri sıradan çıxır. Yeni fəaliyyət sahələri ortaya çıxır".
"Bu dövrdə əmək bazarında müəyyən mənada gərginləşmə müşahidə olunur. Bəzi hallarda bu, bir sıra peşə sahələrində fəaliyyət göstərən insanların işsiz qalmasına gətirib çıxarır. Amma bununla yanaşı yeni istiqamətlərdə böyük imkanlar formalaşdırır. Əslində rəqəmsal transformasiya sadəcə istək və arzu ilə ola bilən məsələ deyil, bunun üçün böyük ekosistem, insan kapitalı, əlverişli fəaliyyət mühiti, cəlbedici təkliflər olmalıdır. Bu aspektdən yanaşsaq, düşünürəm ki, Azərbaycanda hələ çox işlər görülməlidir. İqtisadiyyatın rəqəmsallaşması, rəqəmsal transformasiya əlavə dəyər yaradan sahələrin genişlənməsinə faydanın artmasına, eyni zamanda dayanıqlı məqsədlərə, iqlim dəyişikliyi üzrə risklərin minimizə edilməsinə böyük töhfələr verə bilər" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB