“Xəzər dənizinin duzsuzlaşdırılması kifayət qədər rəqabətədavamlı qiymətə olacaq” - EKOLOQ İZAH ETDİ

“Xəzər dənizinin suyu daha az duzlu olduğundan onun duzsuzlaşdırılması üçün çəkilən xərc də daha az olacaq. Dəniz suyunun duzsuzlaşdırılması təcrübəsi Körfəz ölkələri və İsraildə daha geniş yayıldığını vurğulamaq lazımdır. Ayrı-ayrı ölkələrin bu işə çəkdiyi xərcin məbləği fərqlidir. Həmin ölkələrdə bir kubmetr suyun təmizlənməsi üçün orta hesabla 1,5-2,5 dollar arasında xərc çəkilir. Xəzər dənizində isə bu xərcin daha az olacağı, kifayət qədər rəqabətədavamlı qiymətin formalaşacağı gözlənilir”. Bu sözləri SİA-ya açıqlamasında ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov deyib.

Xəzərə yaxın olan ərazilərin, xüsusilə Abşeron regionunun özünün su mənbələrinin olmadığını xatırladan ekspert dəniz suyunun duzsuzlaşdırılması layihəsinin bu bölgədə əlavə su mənbəyinin yaradılmasına xidmət edəcəyini bildirib. Onun fikrincə, alternativ su mənbəyi kimi nəzərdən keçirilən layihənin həyata keçirilməsi Azərbaycanın regionlarından, uzaq məsafələrdən Bakıya daha az həcmdə suyun nəqlinə gətirib çıxara bilər: “Bu isə həmin ərazilərin özünün su ilə təminatını yaxşılaşdırar. İndi Xaçmazdan Bakıya su gətirilir, amma Xaçmazdan su nəqli azalarsa, oranın da su təminatı yaxşılaşar. Abşeron yarımadasında bütün bağlar, parklar içməli su ilə suvarılır. Bu, həm Bakı sakinlərini çətin vəziyyətdə qoyur, həm də suyun gətirildiyi regionlarda əlavə su çatışmazlığı problemi yaradır. Bu baxımdan layihənin əhəmiyyəti çox böyükdür ".

R.Abbasov hesab edir ki, Xəzər dənizindən əldə edilmiş içməli su hesabına Abşeron yarımadasını içməli su ilə təmin etmək olar: “Ancaq ilk növbədə Bakının Xəzər rayonunun su ilə təmin olunması daha yaxşıdır: "Çünki bu ərazilər həm uzaqdadır, həm də onların su mənbələri yoxdur. Bu ərazilərə suyun verilməsi xeyli baha başa gəlir. Bunları nəzərə alaraq, ilkin olaraq, diqqətin həmin yaşayış məntəqələrinin üzərinə cəmlənməsi daha məqəsədəuyğundur”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə