“Son illərdə keçirilən islahatlar qeyri-neft sektorunun inkişafına stimul yaradıb” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Son illərdə keçirilən islahatlar qeyri-neft sektorunun inkişafına stimul yaradıb” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycanda qeyri-neft sektorunun inkişafı prioritetdir. Son illərdə, xüsusilə də 2015-ci ildən etibarən bu istiqamətdə bir çox uğurların əldə edilməsi müşahidə olunur. Əgər 2015-ci ilədək büdcə gəlirlərində qeyri-neft sektorunun payı cəmi 20 faiz idisə, hazırda bu rəqəm 50 faizdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, ümumi daxili məhsulda (ÜDM) qeyri-neft sektorunun payı təxminən 40 faiz idisə, hazırda bu rəqəm 70 faizə yaxındır: “Bu ondan xəbər verir ki, iqtisadiyyatın diversifikasiyası neftdən asılılığı minimumlaşdırması prioritetdir. Son illərdə keçirilən islahatlar qeyri-neft sektorunun inkişafına stimul yaradıb.

Təbii ki, bir sıra sahələrin qeyri-neft sektorunda müqayisəli şəkildə inkişaf və ixrac imkanları var. O cümlədən, qida sənayesi də olduqca vacibdir. Çünki kənd təsərrüfatı məhsullarının növbəti mərhələdə xammal deyil, eyni zamanda emal olunmuş qida məhsulları kimi ixrac etməyi hədəfləyirik.

Yüngül sənayedə də Azərbaycanın üstünlükləri var. Xüsusən də pambıqçılığın inkişaf etməsi yüngül sənaye üçün bu baxımdan mühüm imkanlar yaradır. Həmçinin turizm neftdən sonra Azərbaycana ən çox gəlir gətirən sahədir və ÜDM-də payını artırmaq üçün imkanları kifayət qədər genişdir. 2022-2026-cı illər iqtisadiyyatın inkişaf strategiyası da Azərbaycanda neftdən asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı ilə bağlı yeni imkanlar yaradır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə