"İnanıram ki, heç bir fəsadla üzləşməyəcəyik” - İQTİSADÇI FİKİR BİLDİRDİ

"İnanıram ki, heç bir fəsadla üzləşməyəcəyik” - İQTİSADÇI FİKİR BİLDİRDİ

"Bankların xarici borclanmasının artması əslində sağlam münasibətlər fonunda, sağlam makroiqtisadi tarazlığın bərqərar olduğu dövrdə normal haldır. Çünki xarici borc həm də ölkəmizin bank sektorunda xarici aktivlərin artması deməkdir. Ona görə də bankların xarici borclanmasından indiki halda ehtiyatlanmağa dəyməz. Nəzərə alaq ki, 2015-2016-cı ildə baş verən iqtisadi təlatümlər və devalvasiyalar o zaman bankların götürdükləri öhdəlikləri yerinə yetirməsində problemlər yaradıb". Bu sözləri SİA-ya danışan iqtisadçı ekspert Fuad İbrahimov deyib.

Onun sözlərinə görə, bu xoşagəlməz hal Mərkəzi Bank tərəfindən diversifikasiya olunub: "Mən əminliklə deyə bilərəm ki, bank sektorunda son 10 ilin ən optimal dövrü yaşanır. Yəni, risklər minimumlaşdırılıb. Spesifik tədbirlər vaxtlı-vaxtında həyata keçirilir”.

Fuad İbrahimov hesab edir ki, bankların müddətli xarici borcunun artması aktivliyin bir göstəricisidir: “Bu o deməkdir ki, xarici banklar və maliyyə institutları Azərbaycanın bank-maliyyə sektorundakı sabitlikdən məmnundurlar. Buna görə də öz aktivlərini həvəslə Azərbaycan banklarına yerləşdirirlər. İnanıram ki, bu tendesiyadan biz ancaq xeyir görəcəyik və heç bir fəsadla üzləşməyəcəyik”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə