"Borc müqaviləsi notarial təsdiq olunmalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ
"İstənilən halda əgər şəxslər arasında borc münasibətləri varsa, bu məbləğ 3 min manatdan yuxarıdırsa, 3 min manatdan yuxarı məbləğli borc müqavilələri yazılı şəkildə bağlanmalıdır". Bu sözləri SİA-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev deyib.

Vəkil bildirib ki, borc müqaviləsi notarial təsdiq olunmalıdır: "Notarial təsdiq edilməsi gələcəkdə həmin borcu sübut etmək yükü ilə bağlı hər hansı problem yaratmır. Əgər şəxs müqavilədə göstərdiyi müddət ərzində öhdəliyini yerinə yetirmirsə, digər tərəf məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmədə də həm verdiyi borcu, həm də müqavilə şərtlərində ayrı qaydalar nəzərdə tutulubsa, həmin qaydalara uyğun ona dəymiş ziyan barədə tələb irəli sürə bilər. Yaxud da, əgər müqavilədə ödəmə tarixləri, ödənişin konkret vaxtı göstərilibsə, həmin vaxt ərzində ödəmədiyi üçün əlavə cərimələr, yaxud dəbbə pulu hesablanması ilə bağlı da məhkəmədə iddia qaldıra bilər. Bundan sonra məhkəmə həmin borcun ödənilməsi ilə bağlı qətnamə çıxarır, qətnamə icra orqanına yönəlir və icra məmurları həmin borcu borclu şəxsdən tələb edirlər.
Əgər borcla bağlı tərəflər arasında müqavilə yoxdursa, bu halda borc verən tərəfin üzərinə düşür ki, həmin borcu verdiyini məhkəmədə sübut edə bilsin. Bu halda sübut etmək vəzifəsi iddiaçının üzərində olacaq. Digər tərəfi məhkəməyə verən zaman sübut etmək üçün əgər onlar arasında borc məbləği ilə bağlı hər hansı işgüzar yazışmalar varsa, bunlardan da sübut kimi istifadə edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB