Broyler, yoxsa kənd toyuğu? - AYDINLIQ GƏTİRİLDİ

“Hal-hazırda kənd çolpalarının mövsümü deyil. Yəni çolpalar əsasən yay-payız, bəzən də erkən yaz aylarında çıxır. Belə ki, bu vaxtlar onlar bəslənilir və yetkin hala gəlir”. Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli deyib.

Onun sözlərinə görə, qış ayları ərzində cücələri saxlayırlar: “Qışda və ya yazda, bəzən də payızın axırında cücə saxlamaq üçün alırlar, və yaxud toyuqlar cücə çıxardır. Yəni soyuq aylarda adətən toyuqların cücə çıxartma vaxtı olur. Yaza doğru bəslənən cücələr böyüyür və minimum 6 aydan sonra çolpaların satışına başlanılır. Yay və payız mövsümü kənd çolpalarının daha çox bazarlarda göründüyü vaxt sayılır. Amma qış-yaz aylarında bu növ toyuqlar az olur.

Son zamanlar kəndlərdə toyuq saxlayan insanlar bir qədər öz fəaliyyətlərinin yönünü dəyişdiriblər. Məsələn, qışda satmaq üçün payızda cücə alırlar, və yaxud toyuqlar cücə çıxardır payızda bəsləyirlər, onu qışda və yazda satırlar. Yəni, son vaxtlar bu tendensiya güclənib. Ona görə qışda və yazda da kənd toyuğu tapmaq olur.

Əvvəllər isə ümumiyyətlə qış və yaz aylarında kənd toyuğu tapmaq müşkül məsələ idi. O ki qaldı broylerə, broyler ilin bütün fəsillərində var. Eyni qaydada qapalı şəraitdə saxlanılır. Bunun təbii ətraf mühitdən asılılığı yoxdur. Amma kənd çolpasının əlbəttə ki ətraf mühitdən asılılığı var. Qış aylarında onlar qapalı şəraitdə cücə şəklində saxlanılır və yazın sonu, yayın əvvəlindən qışa qədər bu çolpalar satışda olur. Məsələni bir az konkretləşdirsək indi kənd toyuğunun mövsümü deyil. Ona görə bazarlarda bu səbəbdən çolpa azdır. Üstəlik bu il əvvəlki illərə nisbətən xəstəliklər çox oldu və bu xəstəliklər də bəzi kəndlilərin toyuqlarının məhv olmasına səbəb oldu.

Kənddə ferma şəraiti deyil. Orada baytar nəzarəti yoxdur. Hər şey kəndlinin öz təcrübəsinə əsaslanır. Toyuqlara düşən o təsadüfi xəstəlik də onları qırır. Bu il də həmin o təsadüfi düşən xəstəliklərin sayı çoxaldı. Ona görə də kəndlərdə əksər həyətlərdə toyuqlar kütləvi şəkildə qırıldı. Bu da məsələyə təsir edən amillərdən biridir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə