Reklam biyabırçılığı - ÇIXIŞ YOLU NƏDİR? - AYDINLIQ GƏTİRİLDİ

“Yalançı reklamlarla bağlı Azərbaycan Respublikasının "Reklam" haqqında qanunu var. Həmin qanunda müəyyən müddəalar mövcuddur. Amma həmin müddəalar bir qədər zəifdir”. Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli deyib.

Onun sözlərinə görə, "Reklam" haqqında qanuna dəyişiklik edilməli və yalançı reklamla bağlı çox ciddi tənbeh tədbiri nəzərdə tutan maddə əlavə edilməlidir: “Mağazalar və satış mərkəzlərində yalançı reklama rast gəlindikdə həmin sahibkar ciddi şəkildə cərimələnməli, onun haqqında tədbir görülməlidir.

Yalançı reklamı tutmaq çox asandır. Çünki reklam həmişə göz önündədir və o işlə məşğul olan qurumun da onu görməsi çox asandır. Amma görəndən sonra da reklamı araşdırmalıdırlar. Araşdırıldıqda müəyyən olunmalıdır ki, bu reklam yalançı, yoxsa real reklamdır. Yalançı reklamlar barədə tənbeh tədbirləri görülməli və buna qədər o qanuni əsas yaradılmalıdır”.

Akif Nəsirli sözlərinə belə davam edib: “Hal-hazırda da əsas var, amma bir qədər yaygındır. Yəni qanunun o maddəsində aydın şəkildə yazılmalıdır ki, yalançı reklam edən şəxs, sahibkar cərimələnməli və tənbeh tədbiri görülməlidir. Həmin o tənbeh tədbirinin də məbləği hər hansı bir məsələyə bağlı olaraq müəyyənləşdirilməlidir. Məsələn, yalançı reklam əsasında hansı məbləğdə vəsaitlə aldadır. Bununla bağlı o cərimələrin səviyyəsini müəyyənləşdirmək olar.

Digər tərəfdən inzibati qaydada yalançı reklamların qarşısını belə almaq mümkündür. Yəni onlara qarşı mübarizə aparmaq mümkündür, qarşısını tam almaq isə mümkün deyil. Heç bir ölkə inzibati qaydada yalançı reklamın tam şəkildə qarşısını almağa müyəssər olmur. Ona görə də burada da bizim əsas bəlamız olan inhisarçılıq var. Bu inhisarçılıq aradan qalxsa, heç sahibkar özü yalançı reklam yaymağa maraqlı olmaz. Çünki inhisarçılıq olmayan yerdə azad rəqabət olan yerdə çoxlu bazar iştirakçıları var. Həmin bazar iştirakçılarından biri yalançı reklam edən kimi alıcı, müştəri ondan imtina edəcək. Müştəri bilir ki, qapıda belə oxudum girdim içəri başqa cürdür. Həmən oradan çıxıb gedib real, ona daha yaxşı xidmət göstərən sahibkar seçəcək və alverini öz tələbatını onun obyekti hesabına təmin edəcək. Yəni, burada həm də inhisarçılığın rolu var. İnhisarçı bilir ki, ondan başqa heç kimdən alası deyil, yalandan reklam edir cəlb edir. İçəri girəndən sonra da bilir ki, hər tərəfdə belədir, eyni qiymətdir, elə burdan alım gedim. Bizim sahibkarların reklamı alıcını mağazaya içəri salmaqdır, alıcıya hər hansı bir güzəşt etmək üçün deyil”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə