"Gözlənti devalvasiya və inflyasiyadan daha təhlükəlidir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Gözlənti devalvasiya və inflyasiyadan daha təhlükəlidir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycanda fevral ayında keçirilən hərraclarda dollara tələbat artıb". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Elman Sadıqov deyib.

O bildirib ki, adətən ilin əvvəli - yanvar-fevral aylarında, martda da nisbətən (Novruz bayramı ilə əlaqədar olaraq) dollara tələbat artırdı: "Hal-hazırda artan tələb, həqiqətən idxalın artması fonundadır? Son üç il ərzində ölkədə de-dollarizasiya nəticəsində manat yığımları artır. İndiyə kimi manat hesablarında çoxlu manat var. Həmin manatın yenidən dollara çevrilməsi yığılan tələbdir. O tələbin gerçəkləşdirilməsi manata ciddi təzyiq formalaşdıra bilər.

Prosesin doğru idarə olunması, maarifləndirmə burada önəmli məsələlərdən biridir. Çünki hal-hazırda mövcud ticarət balansı, neftin qiyməti nə dərəcədə devalvasiyanı vacib eləyir? Son illərdə dolların, manatın inflyasiyası, qonşu ölkələrdə bu vəziyyət hökm sürür. Amma məsələnin mahiyyəti budur ki, söhbət əslində devalvasiyadır, yoxsa üzən məzənnə? Hətta üzən məzənnə belə olsa, üzən məzənnəyə keçidin özü müəyyən iqtisadi şərtlərin təmin olunmasını tələb edir. Bu şərtlər təmin olunmadan üzən məzənnəyə keçid risk formalaşdıra bilər. Ona görə nə devalvasiya, nə üzən məzənnə hal-hazırda gündəmdə deyil. Gündəmdə olması belə müəyyən gözlənti formalaşdırır. Gözlənti devalvasiya və inflyasiyadan daha artıq təhlükəli məsələlərdir. Gözlənti əhalidə müəyyən tələb formalaşdırır. İnflyasiya gözləntisi inflyasiyanı artıran amillərdən biridir. Bunu nəzərə alaraq məsələnin düzgün qoyuluşunu maarifləndirmək, prosesin düzgün idarə olunması və sair məsələlərin həlli vacibdir. Üzən məzənnəyə keçidi hansı şərtlər zəruri edir, hansı şərtlər təmin olunmalıdır ki, üzən məzənnəyə daha az risk formalaşdırsın. Bunlar ölçülüb-biçilməlidir. Əgər belə məsələ yoxdursa, açıq şəkildə əhaliyə mesaj verilməlidir. Bu çox önəmli məsələdir. Çünki əsaslandırılmış mesajların verilməməsi, gözləntinin yaradılması, ciddi təzyiqlə nəticələnə bilər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə