Ölkəmizdə sürət qatarları kifayət qədər sürətlidir? - EKSPERT DANIŞDI

Ölkəmizdə sürət qatarları kifayət qədər sürətlidir? - EKSPERT DANIŞDI

"Qatarla sərnişindaşımanın mühüm elementlərindən biri onun daha səssiz və sürətli olmasıdır. Müasir sərnişindaşımada ən önəmli faktor sürət faktorudur. Bu, böyük meqapolisləri birləşdirən vacib elementdir. Bu gün Bakı-Gəncə sürət qatarının sürətinin aşağı olması və bunun sosial şəbəkələrdə, mətbuat orqanlarında paylaşılması, əlbəttə ki, ürəkaçan deyil". Bu sözləri SİA-ya nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.

Onun sözlərinə görə, burada yalnız texniki bazaya baxmaq düzgün deyil, parametrlər də yola uyğun gəlməlidir: "Yol mühiti, sərnişindaşıma elədir ki, tək qatara deyil, reysin imkanlarına da nəzər yetirmək lazımdır. Bunların hamısına kompleks yanaşılmalıdır. Ümumiyyətlə, qatar reysdə hərəkət edən zaman, qatarın yoluna əlavə birləşmələr, kəsişmələr çıxa bilər. Bunlar nəzərə alınmalıdır".

Ekspert sözlərinə davam edərək bildirib ki, qatarın hər hansı bir stansiyadakı ləngiməsi, ümumi sürətə və gecikməyə təsir göstərir: "Nəticədə sürətin aşağı düşməsi, bəzi stansiyalarda qatarın aşağı sürətlə keçməsi, bir çox bu və bunun kimi problemlərə əsaslanır. Bu qatarın hərəkəti zamanla sərnişinlər arasında narazılığa səbəb olur, bu da gərginliyə gətirib çıxarır. Reyslərdə olan xətlərin sayının artırılması, əlavə köməkçi dəmiryollarının çəkilməsi bu sürət məsələsinin həlli ola bilər".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə