Anomal istilər məhsuldarlığa necə təsir göstərir? - MÜNASİBƏT BİLDİRİLDİ
"Bu aylarda havaların normal temperaturdan yuxarı olması bir çox fəsadlar yaradır. Belə havalarda torpaq “qış yuxusundan tez oyanır”. Nəticədə, əkinçilik və bitkiçilik ciddi ziyan görür. Belə havalar kənd təsərrüfatı üçün heç də arzuolunan deyil". Bu sözləri SİA-ya aqronom Qəhrəman Qəhrəmanov deyib.
"Məsələn, quraqlıq payızda əkilən taxılın suvarılmasını zəruri edir. Bir çox fermerlərinsə buna imkanı olmur. Suvarılmayan zəmilərdə quraqlıq olur. Nəticədə, əkinlər quruyaraq məhv olur, həm də gəmiricilər daha tez torpağın üzərinə çıxmağa başlayırlar. Gəmiricilər isə taxıl zəmilərinin qənimidir",- deyə o əlavə edib.
Aqronom bildirib ki, bundan başqa, havaların isti keçməsi ağacların daha tez oyanmasına səbəb olur: "Nəticədə, fevral ayında bəzi ağaclar nəinki tumurcuqlayır, hətta çiçək də açır. Amma mart ayındakı küləkli soyuq hava həmin cücərtiləri məhv edir. Belə olan halda, anomal istilər həm əkinçilikdə, həm də meyvəçilikdə məhsuldarlığın azalmasına səbəb olur. Qışın sərt keçməsi çox əhəmiyyətlidir. Qarlı, şaxtalı havada həşaratlar məhv olur. Nəticədə, həşəratlar yazın ilk ayında ağaclara və bitkilərə daha az ziyan vururlar. “Qar torpağın yorğanıdır” - deyirlər. Qar torpağı münbitləşdirir. Təkcə torpağı yumşaltmır, həm də torpağın üst qatındakı alaq otlarını məhv edir.”
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB