“Yaşıl dünya naminə həmrəylik ili” ekoloji mühitin sağlamlaşdırılmasına töhfə verəcək" - DEPUTAT ŞƏRH ETDİ

“Yaşıl dünya naminə həmrəylik ili” ekoloji mühitin sağlamlaşdırılmasına töhfə verəcək" - DEPUTAT ŞƏRH ETDİ

"Son illər ölkəmizdə ekoloji mühitin qorunması və ətraf mühitə dəyən zərərlərin azaldılması, ekoloji layihələrin icrası istiqamətində ardıcıl işlər görülməkdədir, ağacəkmə kampaniyaları geniş vüsət alıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun, IDEA təşkilatının təşəbbüsü ilə Bakıda və ölkənin müxtəlif bölgələrində ağacəkmə aksiyaları həyata keçirilir. Dövlət başçısının təşəbbüskarlığı sayəsində cəmiyyətimizdə ekoloji tarazlığın qorunması işinə həssaslıqla yanaşır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycan qlobal iqlim dəyişmələrinin aradan qaldırılması istiqamətində də mühüm işlər görür, 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub: "Ölkəmiz 2024-cü ildə İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına-COP29-a ev sahibliyi edəcək. Bütün bu tədbirlərin davamı kimi Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi ekoloji mühitin sağlamlaşdırılması istiqmətində həmrəyliyin gücləndirilməsinə töhfə verəcək qərar hesab oluna bilər".

Millət vəkili qeyd edib ki, ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi çərçivəsində çoxsahəli addımların atılacağı nəzərdə tutulur: "Ətraf mühitin qorunması, meşə zolaqlarının və su ehtiyatlarının mühafizəsi, yaşıllıqların artırılması naminə təşəbbüslərin dəstəkləməsi, yeni layihələrin icrası sürətlənəcək. Bu konteksdə ölkəmizdə yaşıl iqtisadiyyat quruculuğu sahəsində də yeni prioritetlər müəyyən ediləcək, xarici investorlarla birgə layihələrin icrası artacaq. Artıq Səudiyyə Ərəbistanı və BƏƏ ilə bu sahədə ilk sərmayə layihələrinə strat verib. BƏƏ-nin nüfuzlu “Masdar” şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti arasında külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma sənədinin imzalanması ortamüddətli dövrdə regional enerji layihələrinin həyata keçirilməsinə və Azərbaycanın Şərqə enerji ixracına başlamasına səbəb olacaq. Eləcə də, 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair Saziş imzalanıb və bu ixrac marşrutu və “Masdar”ın Azərbaycanla artan əməkdaşlığı ölkəmizin yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevrilməsini təmin edəcəkdir".

Deputat bildirib ki, azad edilmiş ərazilərin ekoloji mühiti yaşıl enerji üçün güclü potensiallardan xəbər verir: "Bu bölgədə Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən səmərəli istifadə və ağıllı enerji idarəetmə texnologiyalarıının tətbiqi nəzərdə tutulur. Xarici şirkətlərin azad ərazilərdə bərpa olunan və yaşıl enerji mənbələrinə də marağı böyükdür. Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi ilə bağlı genişmiqyaslı bərpa və yenidənqurma prosesi start götürüb".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə