"Deyirdi, ana, bircə arzum var ki, mən səndən qabaq ölüm" - ŞƏHİD AİLƏSİ İLƏ MÜSAHİBƏ - FOTOLAR
Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi Azad Nizami oğlu Yolçuyevin ailəsinin SİA-ya verdiyi müsahbəsini təqdim edirik:
Anası Ofelya Carçıyeva:
- İlk olaraq, şəhidimiz haqqında ümumi məlumat verməyinizi xahiş edəcəm. Daha sonra ətraflı şəkildə suallara keçid edək.
- Oğlum 1985-ci ildə Ağstafa rayonunun Kolayır kəndində anadan olub. O, 4 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 35 yaşı var idi.
Hər işə gedəndə mənlə öpüşüb görüşüb gedərdi. Son dəfə isə, xüsusilə, bərk qucaqladı.
Azad çox uğurlu idi. Onun respublikada kəşfiyyat yarışlarında qrupu birinci oldu. Müdafiə naziri cənab Zakir Həsənov bu münasibətlə Azada medalı təqdim etmişdi. İşinə çox bağlı oğul idi və işindən bir dəqiqə ayrı qala bilmirdi.
- Azadın hansı hobbiləri var idi?
- Uşaqlığından daima idmanla məşğul olar və burada bir çox nailiyyətlər əldə edərdi. Üzümüzü hər zaman ağ edib.
- Hansı xatirələrinizi xatırlayırsınız?
- Hər yarışdan gələndə gülürdü. Deyirdim, oğul, yarış necə keçdi? Cavabında “Ay ana, sənin oğlun həmişə birinci yerə çıxacaq. Elə indi də birinci yerə çıxdım”, - deyərdi.
Mən dinib danışmayan kimi gəlirdi ki, ay ana, sənin xətinə kim dəyib? Deyirdim, ay oğul, heç kim, mənə kim nə edəsidir.
O qədər xatirələrimiz var ki...
- Müharibəyə yollandıqdan sonra danışırdınız?
- Ara-sıra danışırdıq. Deyirdim, ay oğul, ermənilər müxənnətdir, ehtiyatlı ol. Dedi, ay ana, narahat olma, nəfəslərini kəsmişik, bir şey qalmayıb. Sən demə, Kəlbəcəri keçərkən yaralanıbmış. Bir həftə xəstəxanada qalıb bizə deməmişdi.
Danışanda deyirdi, özünüzə yaxşı baxın, hər şey yaxşı olacaq, oğul vətən üçündür. Dedim, düz deyirsən, amma anaya da oğul lazımdır.
Vətəndən ötrü canını verən oğul idi. Elə belə də etdi. Deyirdi, ermənilər bizi vuranda da vuracaq, mən generaldan artıq deyiləm ki.
- Şəhid olması xəbərini necə aldınız?
- 2020-ci il noyabrın 3-ü günü digər oğlum evə gəldi. Sən demə, Azad şəhid olubmuş. Xəbəri alanda elə bildim belim qırıldı, ay qızım.
Azad həmişə deyirdi ki, ana, bircə arzum var ki, mən səndən qabaq ölüm. Deyirdim, ay oğul, belə danışma, ana ölər, bala onu dəfn edər.
Allah bütün şəhidlərimizə rəhmət etsin. Onların hamısının yeri cənnətdir.
- Şəhid anaları ilə əlaqəniz varmı?
- Sıx-sıx birlikdə tədbirlərdə oluruq. Hər kəs orada öz şəhidi haqqında danışır. Bu zaman belə bir fikir yaranır ki, sanki bütün şəhidləri bir ana doğub. Çünki hər birinin həm siması, həm də xarakterləri bir-birinə çox bənzəyir.
- Azadın xatirəsinin hansı formada əbədiləşdirilməsini istəyərdiniz?
- Ağstafanın Korayıl kəndində bir məktəb var. İstəyərdim bu məktəb Azadın adını daşısın. Bu barədə müraciət etmişik.
Qayınatası İlham Nəbiyev:
- Kürəkən olaraq Azaddan razı idinizmi?
- Çox tərbiyəli, mərifətli və böyük-kiçik bilən oğlan idi. Utandığından mənlə bir stola oturmurdu.
Uşağı ilə çox az vaxt keçirə bildi. Çox üzülürük.
Həyat yoldaşı Ləman Nəbiyeva:
- Azadla necə tanış olmusunuz?
- Analarımız birlikdə işləyirdi. Biz də bu vəsilə ilə görücü üsulu tanış olduq. Amma özümüz də bir-birimizi çox sevdik. İki il nişanlı qalmışıq.
- Neçə övladınız var?
- Bir qız, bir oğlan olmaqla iki övladımız var. Qızımın bu il 3, oğlumun isə 5 yaşı tamam oldu.
- Uşaqların adlarına necə qərar verimisiniz?
- Oğlum Nizamiyə qayınatamın adını qoymuşuq. Həbibə isə Azadın nənəsinin adıdır. Nənəsi vəsiyyət etmişdi ki, Azadın qızına mənim adımı qoyarsınız.
- Azad övladlarını görə bildi?
- Müharibə başlayan günü Nizaminin 2 yaşı tamam olmuşdu. Həbibə isə cəmi 2 aylıq idi. Həbibə müharibə vaxtı doğulmuşdu. Həbibəni xəstəxanada gəlib gördü. Döyüşlərdə Azadın ciyərlərinə möhkəm soyuq olduğu üçün bir müddət xəstəxanada yatdı. Demək olar ki, qızını heç görə bilmədi. Ümumi hesablasaq bu 2 ayda qızını 10 gün gördü, ya görmədi.
Şəhid olduqdan sonra eşitdim orada olarkən deyirmiş ki, müharibə tez bitsəydi, gedib qızımı görərdim.
- Yenidən Azadı tanımaq şansınız olsa, onunla evlənərdinizmi?
- Əlbəttə, evlənərdim. Çünki Azad çox fərqli biri idi. O mənə həyat yoldaşı olmaqla yanaşı, yaxın dost idi.
- Uşaqlarına münasibətdə necə idi?
- Çox ailəcanlı idi. Uşaqlara qarşı da çox mehriban olub. Oğlumla bir-birinə çox bağlı idilər.
- Uşaqlar atalarının şəhid olmasını bilir? Bunu onlara necə izah etmisiniz?
- Oğlum bilir. Əslində, izah etməmişik. Özləri hər şeyi başa düşür. Məncə, bilirlər ki, ataları bir daha gəlməyəcək. Bəzən “Atam haradadır?”, “Nə zaman gələcək?” deyə suallar verirlər.
Qızım Həbibə 3 yaşına qədər atası haqqında heç nə danışmayıb. Amma bu yaxınlarda atasını yuxuda gördüyünü dedi. Oyanandan sonra dedi ki, bilirsiniz, ata gəldi və mənimlə oynadı. Məncə, onda ataya qarşı sevgi bu zaman yaranmağa başladı.
- Ailəniz sizə dəstək olurmu?
- Bəli, olur. Atam mənimlə birgə yaşayır. Anam isə rayonda qardaşımla yaşayır.
- Azadın ailəsi ilə münasibətiniz necədir?
- Həm qayınanam-qayınatam, həm də Azadın digər qohumları ilə aramız çox yaxşıdır. Çalışırıq o varmış kimi həyatımıza davam edək.
- Bu illərdə heç yuxunuza gəlib?
- Bəli, gəlib. Yuxuda küsmüşdük və könlümü alırdı.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB