"Müştəri aktivləri 1677 milyon manata çatıb" - AMB

Azərbaycanın qiymətli kağızlar bazarında müştəri aktivlərinin artımı müsbət hal olsa da, sektorda müştəri aktivləri üzrə yüksək təmərküzləşmə mövcuddur. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.

Sənədə əsasən, bu ilin I yarısında yerli investisiya şirkətlərinin müştəri aktivləri 441 milyon manat və yaxud 36 % artaraq 1 677 milyon manata çatıb. Artımın əsas drayveri xarici bazarda broker xidmətləri olub. Hesabat dövründə xarici bazarda broker xidmətləri üzrə müştəri aktivləri 426 milyon manat və yaxud 41% artıb.

Bundan başqa, sənəddə deyilir ki, müştəri aktivləri əsasən aşağı riskli qiymətli kağızlara investisiya olunub: "Belə ki, I yarımildə investorlar vəsaitlərinin 58 %-ni və yaxud 977 milyon manatını aşağı riskli qiymətli kağızlar hesab olunan dövlət istiqrazlarına, 32 %-ni və yaxud 541 milyon manatını korporativ istiqrazlara, 7 %-ni və yaxud 126 milyon manatını isə pul vəsaitlərinə yatırıb. Bazarda riskli yatırımların az olması fonunda törəmə maliyyə alətlərinə tələb az olub. Müştəri aktivlərinin 95 %-i ABŞ dollarındadır".

Bütün xəbərlər Facebook səhifəmizdə