"İctimai-siyasi sabitlik nəticəsində davamlı iqtisadiyyat təmin edilib" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan Prezidentinin 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışı zamanı "Müstəqilliyimizin əvvəlində üzləşdiyimiz böyük çağırışlardan biri məlum olan yoxsulluq idi. 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 50 faizə yaxın idi. Hazırda isə yoxsulluq 5,5 faiz təşkil edir və onu göstərir ki, hasil etdiyimiz və beynəlxalq bazarlara çıxardığımız təbii sərvətlər lazımi qaydada idarə olunub" ifadələri reallıqdır. Bu, Azərbaycanın ilbəil artan iqtisadi inkişafından xəbər verir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.

Onun sözlərinə görə, davamlı iqtisadiyyat, insanların rifahının yaxşılaşdırılması bilavasitə ölkədə yaradılan ictimai-siyasi sabitliyin və vətəndaş həmrəyliyinin nəticəsidir: "Çünki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən ölkədə vətəndaş həmrəyliyinin bərqərar olmasına, ictimai-siyasi sabitliyin qorunmasına önəm vermiş və bu sahədə bütün səylərini birləşdirmişdir. Məhz bunun müqabilində ölkədə məhsul istehsalı ilbəil artmış, davamlı iqtisadiyyat təmin edilmiş, beynəlxalq aləmdə Azərbaycanın nüfuzu yüksəlmişdir. Xalq ilə ölkə başçısının birliyi 2020-ci ilin 44 günlük müharibəsi dövründə özünü bir daha göstərdi. Eləcə də bu həmrəylik ötən ay həyata keçirilən antiterror tədbirlərində özünün parlaq nəticələrini verdi. Azərbaycan iqtisadiyyatı davamlı və dayanıqlı olmasa idi, sözsüz ki bu qələbələri qazanmaq mümkün deyildi. Bu istiqamətdə görülən işlər gələcək uğurlara hesablanıb. Əgər ölkədə ictimai-siyasi sabitlik yaradılmasa idi, təbii ki, bura investorların cəlb olunması qeyri-mümkün, onların maliyyə vəsaitlərindən yararlanmaq çətin olardı".

Deputat sözlərinə davam edərək bildirib ki, dövlət rəhbəri İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycan xalqını ətrafında sıx birləşdirmiş və onların rifah halının yaxşılaşdırılması üçün birgə fəaliyyətin mümkünlüyünü ortaya qoymuşdur: "Bu həmrəylik nəinki iqtisadi inkişafda, eləcə də ölkənin beynəlxalq aləmdə tanınmasında çox mühüm rol oynayır. Çünki qələbələrimiz sayəsində bütün dünya Azərbaycanın gücünün şahidi oldu. Bu istiqamətdə gedən işlər göstərir ki, Azərbaycanın gələcəyi daha uğurludur. Sözsüz ki, keçirilən bütün tədbirlərdə Azərbaycan Prezidenti qeyd edir ki, əldə etdiyimiz nailiyyətlər bilavasitə xalqımızın xoşbəxt gələcəyinə istiqamətləndirilib".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə