Tələbələr niyə kənar ərazilərə üz tuturlar? - EKSPERT AYDINLIQ GƏTİRDİ

Tələbələr niyə kənar ərazilərə üz tuturlar? - EKSPERT AYDINLIQ GƏTİRDİ

“Bakı şəhərinin kirayə mənzil bazarında artıq uzun illərdir ki, qiymət artımı baş verir. Qiymət artımına əsas səbəb köhnə çoxmənzilli yaşayış binalarının və fərdi həyət evlərindən ibarət olan yaşayış massivlərinin sökülməsidir. Köhnə çoxmənzilli binalar sökülən zaman həmin binalardakı ucuz kirayəlik mənzillər artıq kirayə bazarından çıxmış olur. Digər tərəfdən sökülən binalarda yaşayan sakinlərə onlara yeni mənzillər təhvil verilənədək kirayəyə çıxmalı olurlar. Bu proses də təqribən 2-3 il çəkir”. Bu sözləri SİA-ya açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, sökülən hər köhnə yaşayış binasının yerinə inşa edilən yenitikili binalardakı kirayə mənzil qiymətləri əvvəlkindən iki dəfəyə qədər baha olur: “Bu da hər kəs üçün əlçatan olmur. Nəinki tələbələr, hətta yerli sakinlər belə paytaxt ərazisində ucuz kirayə mənzil tapmaqda çətinlik çəkirlər. Daha çox təklif olunan mənzillər yenitikili binalardadır. Həmin binalarda isə kirayə mənzillərin qiyməti daha bahadır və kommunal xərclər də əlavə olunduqda kifayət qədər yüksək məbləğ ortaya çıxır”.

Ekspert sözlərinə davam edərək bildirib ki, tələbələr isə artıq paytaxtda kirayə mənzil tapa bilmədiklərinə görə kənar ərazilərə üz tuturlar: “Çünki həmin ərazilərdə kirayə mənzil qiyməti paytaxta nisbətən daha ucuzdur. Bu zaman isə həmin ərazilərdən təhsil aldıqları universitetlərə gəlib-gedərkən həm maddi, həm də vaxt itkisi yaşayırlar. Bu baxımdan düşünürəm ki, yaxın gələcəkdə paytaxt ərazisində istismar müddətini bitirmiş binaların söküntüsü sürətləndikcə ucuz kirayə mənzil tapmaq heç əlçatan olmayacaq və qiymət artımı daha da kəskin olacaq. Bu problemin həlli üçün birmənalı olaraq keçmiş tələbə yataqxanaları bərpa olunmalı, yəni onlar sökülərək yenidən daha müasir şəkildə inşa olunmalıdır. Beləliklə, həm tələbələrin problemi aradan qalxmış olar, həm də kirayə mənzil bazarında qiymətlərin aşağı düşməsini müşahidə edə bilərik”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə