Baykal-Amur Magistralının tikintisi Heydər Əliyevin misilsiz xidmətlərinin nəticəsidir

Baykal-Amur Magistralının tikintisi Heydər Əliyevin misilsiz xidmətlərinin nəticəsidir

Ümummilli lider Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini, Sov. İKP MK Siyasi Bürosunun üzvü vəzifələrində çalışdığı illərdə bütün SSRİ xalqlarının məhəbbətini qazanmışdı. İndi həmin ölkələrdə, o cümlədən də Rusiya Federasiyasında da dahi rəhbərimizə bu məhəbbətin bariz nümunəsi yaşamaqdadır. Bu mənada bu gün də Rusiyada Sibir və Uzaq Şərqi birləşdirən Baykal-Amur Magistralının tikintisindən söz açılanda məhz ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrdən danışılır. Çünki Sibir və Uzaq Şərq regionlarının bütün təbii sərvətlərindən istifadə olunmasına, zəruri ehtiyac duyulan ərazilərə çatdırılmasına, ən əsası həmin bölgədə həyatın canlanmasına şərait yaradan, eləcə də həm Sakit Okean regionu, həm də Avropa ölkələri arasında ən qısa marşrut olan və ümumi uzunluğu isə 4324 kilometr olan bu nəhəng layihənin reallaşdırılması birbaşa ümummilli lider Heydər Əliyevin gərgin əməyinin, misilsiz xidmətlərinin nəticəsidir.

Məlumdur ki, Sibir və Uzaq Şərq zonasının əlverişli olmayan sərt iqlimi, ərazilərin mürəkkəb geoloji struktura malik olması inşaat işlərinin aparılması üçün təsəvvürəgəlməz çətinliklər yaradırdı. Bir çox yerlərdə xətlər bataqlıqlardan, meşə massivlərindən keçirdi, yeraltı suların qazılan tunellərə axması inşaatçıları ciddi çətinliklərlə üz-üzə qoyurdu. Lakin bütün bunlar ümummilli lider Heydər Əliyevin qətiyyətinə və iradəsinə təsir etmirdi. Ulu öndər Heydər Əliyev hələ Azərbaycana rəhbərlik etdiyi dövrdə belə əsrin tikintisinə çevrilmiş magistralda çalışan, əsl qəhrəmanlıq göstərən, bütün çətinlikləri hünərlə dəf edən azərbaycanlıların fəaliyyəti ilə yaxından maraqlanır, qayğı və diqqətini əsirgəmirdi. Tikintidə çalışan azərbaycanlılara respublikaya qayıdandan sonra mənzil verilməsi və digər sosial problemlərinin həllinə yaxından köməklik göstərilməsi də baş tutdu.

SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini, Sov. İKP MK Siyasi Bürosunun üzvü təyin oldunduqdan sonra ulu öndər Heydər Əliyev əsrin nəhəng tikintisi Baykal-Amur Magistralının inşası üzrə yaradılmış dövlət komissiyasının sədri oldu. Məhz, 1984-cü ildə Siyasi Büronun üzvü Heydər Əliyev komissiya sədri kimi, işlərin gedişi ilə əyani tanış olmaq üçün Baykal-Amur Magistralı marşrutu üzrə səfərə çıxdı. Bu həm də Baykal-Amur Magistralının tikintisi müddətində Siyasi Büro səviyyəsində ilk rəhbər şəxsin səfəri idi. Bu səbəbdən də bu səfər Baykal-Amur Magistralının tikintisində dönüş yaratdı. Ümummilli lider Heydər Əliyev tikintidə işlərin keyfiyyətinə xüsusi diqqət yetirir, sıravi adamlarla səmimi söhbətlər edir, onların problemləri ilə yaxından maraqlanırdı. Hətta, ulu öndər Heydər Əliyev Siyasi Büro üzvü kimi həmin vaxt təhlükəsizlik qaydalarına tam riayət etmədən su ilə dolmuş, bəzən torpaq laylarının qopduğu 7 kilometrlik tunellə dizə qədər suyun içində irəlilədi. Bütün bunlar da öz növbəsində ağır şəraitdə işləyən insanları daha da ruhlandırırdı. Mübaliğəsiz deyilməlidir ki, ulu öndər Heydər Əliyevin iradəsi və qətiyyəti sayəsində magistralın iş gedən bütün sahələrində təchizat məsələləri və problemlər qısa vaxtda operativ həllini tapırdı.Bu səbəbdən də Baykal-Amur Magistralının şəbəkəsi genişlənir, yeni-yeni stansiyalar, tunellər istifadəyə verilir, körpülər istismara buraxılırdı. O illərdə çalışan insanlar bildirirlər ki, əgər Heydər Əliyevin qətiyyəti olmasaydı, Baykal-Amur Magistralının tikintisinin başa çatması müşkül bir məsələyə çevrilərdi.

Bir sözlə, ulu öndər Heydər Əliyevin Sovet İttifaqının ən nəhəng infrastruktur layihəsi hesab olunan BAM-ın uğurla həyata keçirilməsində müstəsna xidmətləri bu gün də məmnuniyyətlə xatırlanır. Ulu Öndər SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə nəqliyyat sahəsinin kuratoru olaraq mükəmməl təşkilatçılıq bacarığı, qətiyyəti və inamı sayəsində BAM-ın inşasının uğurla başa çatdırılmasına nail olub. Heydər Əliyev qısa bir müddətdə BAM-ın coğrafi ərazisini mühüm sənaye bazasına, sosial-iqtisadi və mədəni mərkəzə çevirməyi bacardı.

Ulu öndər Heydər Əliyevin birbaşa nəzarət etdiyi BAM-ın tikintisi öz çətinliyi və ziddiyyətləri ilə seçilirdi. Miqyasına görə dünyada analoqu olmayan layihə böyük olduğu qədər də çoxsaylı problemlərə malik idi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmdə tikintisi vüsət götürən magistralın 210-cu kilometrliyində azərbaycanlılar tərəfindən Ulkan stansiyası inşa edildi və onun ətrafında Ulkan qəsəbəsi salındı. Həmin qəsəbənin salınması isə birbaşa Ulu Öndərin nəzarəti altında həyata keçirilirdi. Onu da əlavə edək ki, Azərbaycandan ilk inşaat dəstəsi bu ərazilərə 1975-ci ilin əvvəlində gəlib. O vaxt Ulkan qəsəbəsinin yalnız adı var idi. İndi bu yerlər tanınmaz dərəcədə dəyişib, yeni insan məskəni salınıb. Azərbaycanlıların da iştirakı ilə tikilən və uzunluğu 209 kilometr olan dəmir yolu xəttinin çəkilişi vaxtından 2 ay əvvəl başa çatdırıldı. Əməkdar mühəndis, “Anqoya” layihəsinin baş mühəndisi və konstruktoru olmuş Təyyar Hüseynli xatirələrində deyirdi k: “Baykal-Amur dəmiryol magistralının (BAM) tikintisi gedirdi. “Ulkan” qəsəbəsi dəmiryol vağzalı ilə birlikdə respublikamız tərəfindən müvəffəqiyyətlə inşa edilmişdi. Sonra ikinci bir stansiyanın – “Anqoya”nın da tikintisi bizim respublikaya həvalə olundu. “Ulkan”ın layihəsi tam şəkildə bizim institutda işlənsə də, “Anqoya”nın layihəsi Rusiyanın Novosibirsk şəhərinin “Sibqiprotrans” layihə institutunda işlənmiş və təsdiq edilmişdi. Respublikamızın qarşısında isə bu layihə əsasında stansiyanın yalnız tikintisinin aparılması məsələsi qoyulmuşdu. Ulu öndər Heydər Əliyev bu illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışırdı və BAM-ın tikintisinə rəhbərlik birbaşa ona həvalə edilmişdi. Azərbaycan KP MK-nın göstərişi ilə “Anqoya” stansiyasının vağzalı və qəsəbənin ictimai-ticarət mərkəzi Azərbaycan klassik milli memarlığı üslubunda yenidən layihələndirilib inşa edilməli idi. Bizə aydın idi ki, bu birbaşa dahi Azərbaycan oğlu Heydər Əliyevin tapşırığıdır”.

Bu məqamda eyni stansiyanın təməlqoyma mərasimində Heydər Əliyevin rəhbəri olduğu komissiya üzvlərini müşaiyət etmiş jurnalist Yevgeni Boqaçov xatirələrini də qeyd etmək yerinə düşər: “Anqoyaya gəlməzdən əvvəl Severobaykalskda keçmiş “AzBAMstroy” tikinti-quraşdırma idarəsinin rəisi, sonralar mülki qurğuların Severobaykal hissəsinin əməkdaşı İsrafil Hacıyev ilə tanış olmuşdum. O deyirdi: “Ulkanı tikib arxayınca Vətənə dönə bilərdik. Ancaq Baykalın o tayında yarımçıq qalmış Anqoya stansiyasının tikintisini başa çatdırmağı özümüzə borc bildik. 1984-cü ildə Heydər Əliyev BAM-a gəldi. Mən tikinti-quraşdırma idarəsinin rəhbəri kimi ona elə beləcə də dedim: “Anqoyaya getmək istəyirik!” Özümüz istəməsək, heç kim bizi məcbur etməyəcəkdi…

Azərbaycan Mərkəzi Komitəsi və hökuməti gənclərin təşəbbüsünü bəyəndi. Bu məsələdə Heydər Əliyevin rəyi həlledici rol oynadı. O, Baykal-Amur Magistralında həmvətənlərinin işini yüksək qiymətləndirmişdi. Gələcək Anqoya stansiyasının yerində o vaxt yalnız ağaclar qırılmışdı. 1984-cü ilin sentyabrında azərbaycanlılardan ibarət ilk briqadalar yığma evləri quraşdırmağa, yeni qəsəbəni istiliklə təmin etmək üçün qazanxana və istilik xətləri çəkməyə başladılar.”

Ümumiyyətlə, Sovet cəmiyyətində BAM-ın tikintisinə münasibət də birmənalı deyildi. M.Qorbaçovun elan etdiyi yenidənqurmaya qədər onun nəhəngliyi dövlətin böyüklük və məğlubedilməzliyi kimi qəbul edilirdisə, yenidənqurma dövründə ötən illərin bütün nailiyyətlərinin kiçildilməsi prosesi başlandı. Ancaq Heydər Əliyevin ölkə sənayesinin inkişafı məqsədilə irəli sürdüyü təşəbbüslərin bu günün özündə də məmnunluqla xatırlanması Azərbaycan xalqı və onun Liderinə olan ehtiramın nümunəsi sayıla bilər. Təsadüfi deyil ki, 2008-ci il iyulun 18-də BAM-ın Anqoya stansiyasında istifadəyə verilən vağzala Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verildi. Tədbirdə Moskva, Bakı, Severebaykalsk, İrkutsk və digər şəhərlərdən yüksək səviyyəli qonaqların iştirakı Ulu Öndərin əziz xatirəsinə olan ehtiramın təzahürü idi. Məhz, 1984-cü ildə Baykal-Amur Magistralı əsasən istifadəyə verildi. Lakin 2008-ci il iyulun 18-də azərbaycanlı inşaatçılar tərəfindən inşa olunmuş Baykal-Amur Magistralında Şərqi Sibir dəmiryolunun Anqoya stansiyasındakı vağzala Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adının verilməsi münasibətilə təntənəli mərasimin keçirilməsi, burada Ulu Öndərin xatirə lövhəsinin açılması onun xidmətlərinə olan böyük hörmət və ehtiramın göstəricisi oldu. Anqoya stansiyasına dünya şöhrətli siyasi xadim Heydər Əliyevin adının verilməsi belə tarixi hadisə çevrildi. Vağzala görkəmli siyasi xadim Heydər Əliyevin adının verilməsi, Şərqi Sibirdə onun xatirəsinin əbədiləşdirilməsi eyni zamanda BAM-ın xalqlarımız arasında dostluq rəmzinə çevrildiyini nümayiş etdirir. Ona görə də Baykal-Amur Magistralı layihəsinin reallaşmasında Heydər Əliyevin əvəzsiz xidmətləri Azərbaycan və Rusiya xalqları tərəfindən heç zaman unudulmayaq. Azərbaycan xalqı dahi dövlət xadiminin nəhəng və yaddaqalan fəaliyyəti ilə bu gün fəxr etdiyi kimi, əsrlər sonra da fəxr edəcək.

Tünzalə İsmayılova,

Yazı "Azərbaycan Dəmir Yolları" QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur

Bütün xəbərlər Facebook səhifəmizdə