Sel və dolu məhsuldarlığa necə təsir edəcək? - EKSPERT AÇIQLADI
"Hazırkı mövsüm dövründə sel və dolunun, ümumiyyətlə dəyişkən hava şəraitinin ən çox mənfi təsir etdiyi taxıl-buğda sahəsidir. Yəni, hazırda taxıl zəmiləri biçinə hazırdır. Artıq Mərkəzi Aran rayonlarında da taxıl biçini başlayıb. Biçin dövründə yağışın yağması taxıl biçinini ləngidir. Yəni, yağış yağa-yağa taxıl yığımı mümkün deyil. Bununla yanaşı taxılın gövdəsi quruyur və yalnız torpaqla ayaqda qalır. Yağış düşəndə taxılın dibində yay mövsümündə çıxan alaq otlarının inkişafı sürətlənir ki, bu da taxıl biçininə maneə törədir. Belə ki, taxıl biçən kombaynlar alaq otları qalxmış sahələrdə biçin işini aparmaqda çətinlik çəkirlər. Bu da məhsul itkisinə yol açır". Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli deyib.
Onun sözlərinə görə, digər tərəfdən yağışdan sonra quruyan sünbül islanıb yenidən quruyanda onun qərzəkləri açılır və biraz meh olan kimi buğda tökülməyə başlayır: "Digər tərəfdən də hara dolu düşübsə, sünbülləri döyüb yerə tökür ki, bu da məhduldarlığa ziyan gətirir. Bundan əlavə, meyvə bağlarında, bostan-tərəvəz bitkiləri sahəsində hara dolu düşübsə, mütləq o məhsuldarlığa ziyan vurub. Çünki hazırda bir illik bitkilərin yerüstü hissəsinin sürətlə inkişaf etdiyi bir dövrdür. Artıq onların bəziləri məhsul verir, yaxud barı üstündədir. Dolu onları döyüb tökür, gövdəni zəiflədir və yaxud inkişafdan saxlayır.
Digər tərəfdən, meyvə bağlarında bütün meyvələr artıq ya yetişib, ya da artıq üstündə barı var. Onları da dolu döyüb tökür ki, bu da məhsuldarlığa mənfi təsir göstərir. Zərərin miqyası böyük olacaqsa, bununla bağlı məlumat veriləcək. Amma hər halda bu il meyvə bağlarında meyvə boldur və itkilər kompensasiya ediləcək".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB