Taksi qiymətinin artması nələrə səbəb olacaq? - İQTİSADÇI DETALLARI İZAH ETDİ

Taksi qiymətinin artması nələrə səbəb olacaq? - İQTİSADÇI DETALLARI İZAH ETDİ

“Əlbəttə ki, taksilərin fəaliyyətinin tənzimlənməsinə ehtiyac var. Sərnişindaşımanın keyfiyyəti, sərnişinlərin sığortalanması, sürücülərin tibbi müayinədən keçməsi, avtomobillərin texniki baxımdan yaxşı vəziyyətdə olması, sürücülərin müəyyən təlimlərə cəlb edilməsi vacibdir. Subyektiv fikrim ondan ibarətdir ki, taksi fəaliyyəti bugünkü gündə Azərbaycanda şəffaf və təbii rəqabət fonunda formalaşır. Bu sektorda xeyli şirkətlər fəaliyyət göstərir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, qiymətə inzibati cəhətdən hansısa formada müdaxilə etmək məqsədəuyğun deyil: “Çünki keyfiyyət və xidmət yaxşılaşdıqca hesab edirəm ki, qiymət təbii şəkildə formalaşa və arta bilərdi. Süni müdaxilələrlə qiymətin tənzimlənməsi iqtisadi cəhətdən səmərəli deyil. Bu baxımdan gələcəkdə taksi qiymətlərinin artımı baş versə bu digər sektorlara da təsir göstərəcək. Ümumilikdə bu, ictimai nəqliyyatda qiymət artımına səbəb ola bilər”.

İqtisadçı sözlərinə davam edərək bildirib ki, sözügedən məsələ digər formada müəyyən xidmətlərin qiymətinin artmasına da gətirib çıxaracaq: “Məsələn, turizm sektoruna mənfi təsir göstərə bilər. Belə ki ölkəyə gələn qonaqlar taksi xidmətindən çox istifadə edir. Daşıma və nəqliyyat sahəsində xidmətlərin və ya məhsulların qiymətinin artmasına təsir edə bilər. Çünki avtomobillərlə də müəyyən daşınmalar həyata keçirilir. Həmçinin, qiymətin qalxması mütləq ki çatdırılma xidmətinə də öz təsirini göstərəcək. Ona görə də taksi qiymətlərinin artırılmasının zəncirvari olaraq bir çox sahələrdə də təsirini müşahidə edəcəyik”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə