Bağ evlərinin qiyməti artıb? - ARAŞDIRMA

Son illərdə artan insanların daha sakit ərazilərdə yaşamağa meyilli olduğu görülür. Ona görə də əlində pul olan şəxslərin həll yolu kimi villaların alınmasına tələbatın xeyli artdığı faktdır. Villa tipli evlərə tələbatın artmasının yeganə səbəbi sıxlıq deyil. Həmçinin, təbiətə daha yaxın olmaq istəyi və stressdən uzaq olmaqdır. Bəs, villa, yaxud bağ evi aldığımız zaman hansı məqamlara diqqət etməliyik?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Geniş ərazidə tikilmiş, əsasən həyətyanı sahəli iri tikililər villa kimi tanınır. Ümumiyyətlə, şəhərdən kənarda və ya yaylıq ərazilərdə tikilən villalar 2-3 mərtəbəli olaraq layihələndirilir. Villalar əsasən bağ, hovuz, sauna və s. kimi üstünlüklərə sahibdir.

Villa alarkən nəzərə alınmalı olanlar bunlardır:

Avtomobil dayanacağı

Əvvəlcə dayanacağa baxa bilərsiniz. Evdə nə qədər açıq və ya qapalı avtomobil dayanacağı var və bu zonaların eni vacibdir. Avtomobiliniz böyükdürsə və ya birdən çox avtomobil varsa, yerin sizin üçün uyğun olub-olmadığını yoxlamaq lazımdır.

Bağ-həyət

Bağ-həyətə baxmaq üçün ilk yer darvazanın və ətrafındakı hasarın olması və hündürlüyüdür. Pişik və it kimi ev heyvanlarınız varsa bu məsələ çox vacibdir. Çəmənliyin və landşaftın vəziyyəti araşdırılmalıdır. Avtomatik suvarma sistemi və ya işıqlandırma sistemi haqqında məlumat əldə edilməlidir. Meyvə ağacları varsa, onların neçə yaşı olduğu bilinməlidir. Quyu suyu olduğu halda onun şəxsi, yoxsa evlə birgə olduğu bilinməlidir. Xüsusilə yay dövründə bağın suvarılması quyu suyu ilə təmin edildikdə daha qənaətcil olacaq. Bağ baxım xərcləri soruşulmalıdır. Bağda hovuz varsa, onun təmizlənməsi, ölçüləri və dərinliyi haqqında məlumat alınmalıdır. Uşaqları olan insanların hovuz kənarında mühafizə sistemləri haqqında məlumat əldə etməsi vacibdir. Hovuzun baxımının necə təmin edildiyi və onun aylıq xərcləri öyrənilməlidir.

Məkan və fasad

Villanın fasadı və yeri önəmlidir. Girişdə şüşə balkonun olması qış dövründə evin istiliyinin qorunması baxımından əhəmiyyətlidir. Qış bağçası varsa, onun istilik və soyutma sistemi haqqında məlumat əldə edilməlidir.

Tikilərkən istifadə olunan tikinti materialları

Evdə etmək istədiyiniz təmir üçün villanın tikinti materialı önəmlidir.

Kamin

Kamini bəzək və ya istilik məqsədləri üçün istifadə edilə biləcəyi öyrənilməlidir. Əgər isitmə məqsədi daşıyırsa, kamin bacasında yanğın təhlükəsinə qarşı izolyasiyanın olub-olmaması, ona qulluq və təmizlik işləri aparıldıqda bilinməlidir.

İstilik sistemi

Villalarda istilik sistemləri müxtəlif növ ola bilər. Yanacaq kimi təbii qaz və elektrik kimi variantlar var. İstilik döşəmədən və ya kondisionerlərlə edilə bilər.

Döşəmə

Döşəmə təbii daş, laminat, ağac, xalça ola bilər.

Hamam

Hamam otağında paltaryuyan maşının yerləri xüsusilə yoxlanılmalıdır. Hamam şkaflarının kifayət olub-olmadığı öyrənilməlidir.

Divar

Divarlar divar kağızı və ya boya ilə rənglənə bilər.

Kombi

Kombiyə sonuncu dəfə nə vaxt qulluq edildiyini öyrənin.

İqtisadçı ekspert Samir Heydərov: “Son zamanlar bağ evlərinin qiymətinin kəskin artmasının səbəbi bir neçə amillə bağlıdır. Qiymət artımını qısa müddətli və uzun müddətli amillərə ayırmaq lazımdır. Qısa müddətli amillərə görə qiymət artımının səbəbi mövsümü xarakter daşıyır. Yay aylarında dincəlmək istəyən vətəndaşların sayının çoxalması və yay aylarında qış aylarına nisbətən turist axının çoxalması kirayə evlərin qiymətini artırdığı üçün bağ evlərinin qiymətinin artmasına səbəb olur.

Uzun müddətli səbəblərə gəldikdə isə regionda baş verən mürəkkəb geopolitik vəziyyət xüsusilə Rusiya-Ukrayna müharibəsi və s. amillər Azərbaycanı regionda sabitlik adasına çevirmişdir. Rusiya-Ukrayna müharibəsi başlayandan bu ölkələri tərk etmək istəyən insanların sayı artmışdır. Əgər Ukrayna vətəndaşları Qərbi Avropa və Türkiyəyə üz tutursa, Rusiya vətəndaşları Azərbaycan və Turkiyəyə axın edir. Onların içərisində bizim soydaşlarımız çoxluq təşkil edir.

Azərbaycan Respublikası Mərkəzi Bankının statistikasına əsasən təkcə 2022-ci ildə Rusiyadan Azərbycana köçürülən pul baratları 4.8 dəfə artaraq 623 milyondan 2 milyard 969 milyona çatmışdır. 2023- cü ilin birinci rübünə əsasən isə Azərbaycan köçürülən pul baratlarının ümumi həcmi 2022-ci ilin analoji dövrü ilə müqayisədə 84.2% artaraq 442.1 milyon ABŞ dolları olmuşdur.

Son aylar Azərbaycanda müvəqqəti yaşayış hüququnun yumuşaldılması bu axını daha da gücləndirmişdir. Belə ki, yeni dəyişikliklərdən birinə əsasən əcnəbi vətəndaşlar 100000 manat məbləğində daşınmaz əmlak müqabilində respublikada müvəqqəti yaşamaq hüququ əldə edirlər”.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov: “2020-ci ildə pandemiya dövründə Bakı-Abşeron ərazisində mənzil qiymətləri ciddi şəkildə artmışdı. İndiyədək belə artım hələ olmamışdı. Bu qapanma ilə bağlı idi ki, bir çox vətəndaşlar Bakı şəhəri ərazisindən kənara çıxa bilmirdilər. İkinci səbəb bir çox vətəndaşlar tur paketləri almışdılar ki, xaricə getsinlər. Həmçinin, istirahət məqsədi ilə bağ evlərinə tələbat çoxaldı. Tələbat təklifdən çox olduğuna görə qiymətlər də ciddi artdı.

2021-ci ildə bir çox vətəndaşlar bağ evlərinə böyük sərmayələr qoyduqlarına görə aktivlik nisbətən zəif oldu. Yəni, qiymətlər qalxsa da, faktiki tələbat əvvəlki illə müqayisədə az oldu.

2022-ci ildə isə ölkəmizə Rusiya-Ukrayna müharibəsi nəticəsində böyük bir axın oldu. Bu da qiymətlərin ciddi şəkildə artmasına səbəb oldu.

Bu il isə pandemiya, qaçqın, yaxud miqrant yoxdur. Lakin bu il bağ evlərinin qiymətinin artmasının səbəbi Türkiyədə baş vermiş zəlzələdən sonra müşahidə olundu. Ən azı 10-15 faiz qiymət artımı baş verdi. Amma son sözü tələbat deyəcək. May aylarında isə bağ evlərində qiymətin artması normal haldır. Belə ki, vətəndaşlar evlərini kirayə çıxarır və bazardan geri dönüş gözləyirlər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə