Müasir suvarma sistemləri nəyə xidmət edir? - QURUM RƏSMİSİ DANIŞDI

Müasir suvarma sistemləri nəyə xidmət edir? - QURUM RƏSMİSİ DANIŞDI

“Bildiyiniz kimi, kənd təsərrüfatı sektoru ölkədə su istehlakında ən böyük paya malikdir. Ona görə də su problemi bizi hər zaman qayğılandırır. Fermerlər xüsusilə, suyun qıt dövründə necə hərəkət etməli, öz təsərrüfatlarını sığortalamalı, hansı üsulları tətbiq edərək yüksək məhsuldarlıq əldə edə bilər və s. baxımdan əsas təşviq və təbliğ istiqamətimiz idarəolunan müasir suvarma sistemlərinin tətbiq olunmasıdır”. Bu sözləri SİA-nın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firudin Tağıyev deyib.

Onun sözlərinə görə, müasir suvarma sistemləri artıq bütün dünyada trenddir: “Bu sistemlərin tətbiqi göstərir ki, kənd təsərrüfatında ilk növbədə məhsuldarlığın artımına xidmət edir, ikincisi suyun daha səmərəli idarə olunmasına, bununla yanaşı, su resursları səmərəli istifadə olunduğu üçün torpaq resurslarını da qorunmasına xidmət edir. Bu, idarəolunan bir sistem olduğu üçün iqlim də yarada bilir”.

Qurum rəsmisi bildirib ki, suvarmanı idarəolunan sistemlərlə təşkil edəndə istər-istəməz nəmişliyə də nəzarət etmiş oluruq, aqrotexniki qaydaları da tənzimləyə bilirik, gübrələrin, dərman və pestisidlərin verilməsini də həmin qurğular vasitəsilə idarə edə bilirik: “Müasir suvarma sistemlərinin tətbiqi çoxşaxəlidir. Yəni, bir deyil, bir neçə məsələyə xidmət edir. Bu da nəticədə fermerlərin daha yüksək gəlir əldə etməsinə, eyni zamanda kənd təsərrüfatına qayıdan dəyərin daha çox olmasına xidmət edir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə