“Kənd Təsərrüfatı Nazirliyi bir neçə növ subsidiya ödənişlərini icra edir. Bütün bu subsidiya ödənişləri bizim cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış 2019-cu il 27 iyun tarixli 759 nömrəli fərmana əsasən icra edilir. Bu subsidiyaların ən böyüyü əkin subsidiyasıdır”. Bu sözləri SİA-nın sorğusuna cavab olaraq Aqrar Kredit və İnkişaf Agentliyinin şöbə müdiri Rəşad Fəttahov deyib.
Onun sözlərinə görə, əkin subsidiyası fermerlərə əkin və çoxillik əkmələr altında olan torpaqlara, becərilmiş kənd təsərrüfatı bitkilərinə görə əvəzsiz verilmiş bir məbləğdir: “Bu subsidiya 25% və 75% olmaqla fermer kartlarına ödənir. Həmin 25%-i fermerlər istənilən bankomatda nağdlaşdıra bilərlər. 75%-ni isə nağdsız şəkildə müəyyən xərclərin konpensasiya edilməsi məqsədilə istifadə edə bilərlər. Kənd təsərrüfatı istehsal vasitələrinin alınması, torpaqların aqrokimyəvi analizində, meyvə bağlarında istifadə olunan damcı suvarma sisteminin alınması, quraşdırılması məqsədilə bu 75%-dən istifadə edə bilərlər. Əkin subsidiyası payızlıq, yazlıq və yaylıq olmaqla üç yerə bölünür”.
Qurum rəsmisi sözlərinə davam edərək bildirib ki, əgər fermer əkin subsidiyası almaq istəyirsə, ilk növbədə elektron kənd təsərrüfatı informasiya sistemində qeydiyyatda olmalıdır: “Qeydiyyatı yoxdursa, ona subsidiya ödənilmir. İkincisi, Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilmiş rayonlar var ki, orada əkin əmsalı sıfıra bərbabərdirsə subsidiya ödənişi icra edilmir. Eyni zamanda, yaşayış təyinatlı torpaqlara və ya kateqoriyası örüş, biçənək, həyətyanı olan torpaqlara görə subsidiya ödənişi verilmir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB